“İslam dünyasının əsas düşməni Səudiyyə Ərəbistanıdır” – Millət vəkili

“Ərəb ölkələri arasında və İslam aləmində həmrəylik olsaydı, İsrail bu cür meydan sulamazdı”.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda başlayan Sammitinə bır sıra ərəb ölkələri qatılmayıb.

Məlumata görə, İƏT-in İstanbul Sammitinə dəvəti qəbul etməyən dövlətlər sırasında Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən və başqa ölkələrin liderləri var.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə çağırılan və ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarından sonra yaranmış vəziyyətin müzakirəsinə həsr edilən toplantıya adları çəkilən ərəb dövlətlərinin qatılmaması bu məsələdə konsesusun əldə olunacağını şübhə altına alır.

Bu durumu Yenicag.az-a şərh edən millət vəkili Araz Əlizadə bildirib ki, milyarder ərəb monarxları üçün şəxsi mənfəətlərin əsas götürülməsi İslam dövlətləri arasında Qüds məsələsinə yönəlik həmrəyliyi mümkünsüz edir:

“Gəlin vəziyyətə real baxaq. Əgər ərəb dövlətləri arasında, ümumiyyətlə, İslam aləmində həmrəylik olsaydı, İsrail kimi bir ölkə regionda meydan sulamazdı.

O baxımdan, bəzi ərəb ölkələri rəhbərlərinin İstanbula getməməsi də bu dediklərimi təsdiqləyir. Açıq şəkildə deyirəm, hazırda İslam dünyasının əsas düşməni Səudiyyə Ərəbistanıdır.

Bu ölkənin milyarder rəhbərləri üçün dünyada öz maraqlarından mühüm heç nə yoxdur. Səudiyyə Ərəbistanı və bu gün onun yanında yer alan ərəb ölkələrinin rəhbərləri Amerika ilə şəxsi maraqları üzərində münasibətlər qurublar və bütün siyasətlərini də bu mənafelərə uyğun yürüdürlər. Onlar üçün nə Qüds, nə də başqa problemin əhəmiyyəti yoxdur.

Düzdür, Türkiyənin təşəbbüsü ilə belə Sammit çağırılıb, müzakirələr aparılacaq. Ancaq İslam ölkələri arasında həmrəylik yoxdursa, hansı nəticədən danışa bilərik? Hamı “guruldayacaq”, lakin heç nə “yağmayacaq”. Hələ ki görünən budur”.

A. Zeynalov

COP29