İran “geri dönüş” üçün Türkiyə qapısında: Rəsmi Tehran “Zəngəzur dəhlizi” fobiyasının yeni mərhələsində

media-hightechnic-468x90

İran son aylarda həm təhlükəsizlik, həm də siyasət baxımından bölgədə mövqeyini gücləndirməyə çalışır. Bu prosesdə Türkiyə ilə münasibətlər xüsusi yer tutur.

İran rəhbərliyi İsrail və ABŞ‑nin iyunda həyata keçirdiyi hücumdan sonra ordunun gücləndiyini, müdafiə və hücum qabiliyyətinin artdığını bəyan edir. Amma bütün bu bəyanatlara baxmayaraq, Tehranda əsas qorxu ölkə daxilində iğtişaş və daxili qarşıdurma ehtimalıdır. Buna görə də xüsusilə sərhəd bölgələrində – Sistan–Bəlucistan, Kürdüstan və Azərbaycanla sərhəddə – təhlükəsizlik tədbirləri sərtləşdirilib.

Pakistanla münasibətlər də bu kontekstdə ön plana çıxır. Rəsmi İrana görə, mümkün gərginlik və ya yeni hücum halında Pakistan ərazisində fəaliyyət göstərən bəluc qruplar İran üçün təhlükə yarada bilər. Elə buna görə də İran rəsmilərinin İslamabada səfərləri təkcə iqtisadi və ticarət sahəsinə aid deyil, eyni zamanda, sərhəd təhlükəsizliyi ilə bağlıdır.

İran ordusunun Kürdüstan bölgəsi yaxınlığında keçirdiyi genişmiqyaslı təlimlər də Tehranın narahatlığını göstərir. Bu təlimlər fonunda İran sərhədinə yaxın İraq Kürdüstanında həm kürd müxalif qruplarının, həm də ABŞ hərbçilərinin və İsrail kəşfiyyatının fəallaşması ilə bağlı məlumatlar yayılıb. Tehran hesab edir ki, bu durum Bağdadla imzaladığı sərhəd təhlükəsizliyi razılaşmasına ziddir.

Bu gedişat fonunda regionun iki mühüm ölkəsi – Səudiyyə Ərəbistanı və Türkiyənin yüksək səviyyəli nümayəndələri Tehrana səfər ediblər. Danışıqlarda təkcə ikitərəfli ticarət və iqtisadi əməkdaşlıq deyil, həm də İranın təsirli olduğu və ya təsir göstərmək istədiyi ərazilər – Livan, Suriya, İraq, Yəmən, Qafqaz və Orta Asiya məsələləri müzakirə olunub. İran, xüsusilə “Hizbullah”ın zərbə aldığı Livan və müharibə ilə zəifləyən Suriya xətti üzrə itirdiyi nüfuzu qismən bərpa etmək istəyir.

Türkiyə ilə dialoq ayrıca əhəmiyyət daşıyır. Ankaranın İsraillə münasibətlərində gərginlik artdığı bir vaxtda Türkiyə Suriya və Qəzza ilə bağlı regional oyunda rolunu itirməmək üçün İranla koordinasiyanı gücləndirə bilər. İran isə Türkiyə ilə iqtisadi əlaqələri genişləndirərək ticarət dövriyyəsini 30 milyard dollara çatdırmağı və sanksiyaların təsirini azaltmağı hədəfləyir.

Tehran və Ankara arasında yeni quru nəqliyyat dəhlizi barədə razılaşma da mühüm addım hesab olunur. Bu xətt İranı Qafqaz və Şimali Avropa ilə birləşdirə, gələcəkdə isə Azərbaycan vasitəsilə nəzərdə tutulan Zəngəzur dəhlizinə alternativ kimi çıxış edə bilər. Hərçənd Zəngəzur dəhlizində ciddi maraqları olan Türkiyənin bu alternativə müsbət yanaşacağı sual altındadır.

Bununla yanaşı, İran Türkiyəyə açıq mesaj verir ki, Suriya münaqişəsində və regionda Tehranın nüfuzunu məhdudlaşdıran addımlar unudulmayıb. İran gözləyir ki, Ankara Tel-Əviv–Bakı xəttindəki əməkdaşlığa və İran əleyhinə olan kürd qruplarına dəstəyə məhdudiyyət qoymaq kimi konkret addımlar atsın. Tehran PKK ilə Ankara arasında mümkün siyasi dialoqu da öz maraqları baxımından diqqətlə izləyir.

Beləliklə, həm Türkiyə, həm də İran üçün bu yaxınlaşma sırf “dostluq jesti” deyil, daha çox məcburi, strateji seçimdir. Türkiyə bölgədə artan siyasi və geosiyasi təzyiqlərə qarşı öz mövqeyini qorumağa, İran isə ABŞ və İsrail təzyiqləri fonunda regional dayaqlarını bərpa etməyə çalışır. Tehran üçün isə bölgəyə “geri dönüş”ün əsas yollarından biri hazırda məhz Türkiyə üzərindən keçir.

Hasan Fahs

“İndependent Arabiyə” yazarı 

Tərcümə etdi: Amir Aqiloğlu

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa