Türkiyə hərbçilərinin Qəzzada yerləşdirilməsi: "Bu, Trampın Qəzza ilə bağlı planının icrasına mühüm töhfə verə bilər"
“Türkiyənin Qəzzanın təhlükəsizliyində iştirakı İsrailin bütün planlarını pozur”.
Bu fikirləri sabitləşdirici qüvvələrlə birlikdə Türkiyə hərbçilərinin Qəzzaya yerləşdirilməsinə İsrailin etiraz etməsi barədə düşüncələrini bölüşən politoloq Asif Nərimanlı Yenicag.az-a açıqlamasında bildirib.
Politoloq bildirib ki, Türkiyənin Qəzzanın təhlükəsizliyinin yaradılmasında təmsil olunması təkcə rəsmi Ankaranın yox, həm də Vaşinqtonun marağında olan məsələdir:
“Bu da bir neçə aspektdən qaynaqlanır. Birincisi, Türkiyə hazırda təkcə Qəzzada yox, həm də bütün Yaxın Şərqdə aparıcı rol oynayan ölkədir. Ümumilikdə Amerikanın Yaxın Şərqdə Vaşinqton üçün əsas tərəfdaş kimi gördüyü ölkə məhz Türkiyədir. ABŞ hesab edir ki, Türkiyə Qəzzanın təhlükəsizliyində iştirak edərsə, bu, Trampın Qəzza ilə bağlı 20 bəndlik planının icrasına mühüm töhfə verə bilər.
Digər tərəfdən Türkiyə HƏMAS razılaşmasında rol oynayan ölkədir. Ümumiyyətlə, daha öncə HƏMAS-ın atəşkəslə bağlı razılaşmaya getməsində Türkiyə mühüm rol oynadı. Təbii ki, Türkiyə Qəzzada yer alacaqsa, bu, HƏMAS-ın da razılaşmanı pozmasının qarşısını almağa vasitə ola bilər. Bu baxımdan Türkiyənin Qəzzada yer alması həm də ABŞ-nin marağındadır. Üçüncü aspektdən baxsaq, ABŞ üçün ən vacib məsələ hazırda regionda İsrailə qarşı alternativ bir gücün olmasıdır”.
A. Nərimanlının sözlərinə görə, Türkiyə üçün Qəzza məsələsi həm də Yaxın Şərqdə güclənməsi baxımından da önəmlidir:
“İsrail isə, əslində, tam bu məsələyə görə Türkiyənin Qəzzada yer almasını istəmir. Onlar Qəzzada sülhməramlı qüvvələrin yerləşdirilməsində maraqlı deyil. İsrail Trampın 20 bəndlik planını qəbul etdi, amma bunun atəşkəs mərhələsini icra etsə də, ikinci mərhələnin icrasında maraqlı deyil. Birinci mərhələnin icrası ona görə İsrailin marağında idi ki, girovları azad etsin. Ona görə ki girovlar məsələsi İsrail daxilində hakimiyyətə qarşı ciddi problemə çevrilmişdi. Digər tərəfdən, Avropa ölkələrinin Fələstini tanıması İsraili çətin vəziyyətə salmışdı. Ona görə də İsrail məhz ilk mərhələyə razı olmağa məcbur qaldı”.
Politoloq bildirib ki, ABŞ hər hansı ölkə üçün plan qurubsa, o planı istənilən halda həyata keçirməyə çalışır:
“Ona görə də İsrail Qəzzada təhlükəsizliyin təminatında iştirak edəcək ölkələrin siyahısına baxır. İsrailin heç bir halda qəbul etməyəcəyi ölkə də məhz Türkiyədir. Türkiyənin Qəzzada yer alması həm ABŞ-nin Qəzza planını icra etmək məqsədi daşıyır, həm də Qəzzanın yerli əhalisinin qorunmasına töhfə verəcək. Bu da İsrailin Qəzzada gələcəkdə hər hansı hərbi addım ata bilməməsinə gətirib çıxardacaq. Qarşısında duracaq ölkə Türkiyədir və bu da İsrailin əl-qolunu bağlaya bilər. Digər tərəfdən, Türkiyənin Qəzzada yer alması onların Yaxın Şərqdə güclənməsinə gətirib çıxaracaq. Bunun özü də İsrailin maraqlarına ziddir. İsrail İranı bölgədən çıxartsa da, indi Türkiyə əngəli ilə üz-üzədir”.
Nurlan Cəfəri












