Reklam: High Technic
hightechnic

"İslam Kərimov o vaxt Nursultan Nazarbayevin birlik təşəbbüsünə qarşı çıxdı" – Qırğız professor

“Region ölkələri arasında müəyyən etimadsızlıq var, ancaq o məsələlər heç də həlledilməz deyil”.

Bu fikirləri Yenicag.ru-ya müsahibəsində Orta Asiya ölkələrinin bir araya gəlmək imkanlarını dəyərləndirən Yaponiyanın Komaba Universitetinin (Tokio) professoru, Qırğızıstanlı ekspert Talatbek Masadıkov deyib.

Talatbek Masadıkovun sözlərinə görə, birlik məsələsində həlledici məqam region ölkələrinin nə dərəcədə siyasi iradə nümayiş etdirmələrindən asılıdır:

“Orta Asiya dövlətlərinin bir arada olmaları məsələsi düşündürücüdür və mən də bu sualı özümə verirəm. Bir müddət əvvəl Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiya İttifaqının yaradılması təşəbbüsünü irəli sürmüşdü. Lakin bəzi dövlətlərin liderləri, konkret desək, Özbəkistanın keçmiş prezidenti İslam Kərimov bu ideyaya neqativ yanaşdı.

Hesab edirəm ki, Nazarbayevin həmin təşəbbüsü Orta Asiya dövlətlərinin problemlərdən çıxış yoludur. Əgər biz, yəni Orta Asiya ölkələri Rusiya, Çin və ABŞ-ın yardımını gözləmədən öz problemlərimizin aradan qaldırılmasına cəhd göstərməsək, onları heç kim bizim əvəzimizə həll etməyəcək.

Ona görə də, Orta Asiya dövlətləri öz müstəqilliklərini saxlamaq şərtilə iqtisadi və ya başqa xarakterli bir ittifaq yaratmalıdırlar. Əks halda, xarici qüvvələr bizim bu pərakəndəliyimizdən öz geosiyasi məqsədlərini həyata keçirmək üçün istifadə edəcəklər.

Müxtəlif məsələləri müzakirə etməliyik, mövcud olan sərhəd mübahisələrini yoluna qoymalıyıq və iqtisadi əməkdaşlıq imkanlarını dəyərləndirməliyik. Hətta bu işdə çox gecikmişik, o istiqamətdə vaxtında gərəkən addımlar atılmalı idi.

Orta Asiya dövlətlərinin bir-biriləri ilə dil tapa bilməmələri əslində, xalqların yox, siyasətçilərin problemidir. Öz fikrim bundan ibarətdir ki, dövlət başçılarının bu məsələyə yönəlik siyasi iradələri olmalı, məlum təşəbbüsə sağlam düşüncə ilə yanaşmalıdırlar. Ancaq bəzi liderlərin bu ideyaya fərqli münasibəti olmasaydı, ümumi məxrəcə gəlmək çoxdan mümkün olardı. İstisna deyil ki, region ölkələri arasında müəyyən etimadsızlıq var, ancaq o məsələlər heç də həlledilməz deyil.

Bizim regionda bir araya gəlmək və qarşıdakı problemləri rahatlıqla həll etmək ona görə mümkün görünür ki, burada eyni xalq, eyni din, eyni tarix və mədəniyyət mövcuddur. Tarixə baxsaq görərik ki, bu region əvvəllər birlikdə yaşayıb. İndi də hər şey dövlət başçılarının əlindədir. Bizim ölkələrin dövlət quruluşu elədir ki, bütün məsələləri xalqın dəstəklədiyi bir nəfər həll edir. Ona görə də, siyasi iradə olarsa, birlik məsələsi də öz həllini tapar”.

Qafqaz Ömərov

www.yenicag.az

898