İsrail HƏRƏKƏTƏ KEÇDİ – Qəzzadakı sensasion əməliyyatın pərdəarxasında NƏLƏR VAR?
“İsrailin bu qədər maksimalist addımlar atmasının əsas səbəbi onun ABŞ tərəfindən dəstəklənməsidir. Tramp açıq şəkildə bəyan edib ki, İsrailin Yaxın Şərqdə planlaşdırdığı bütün niyyətlərin həyata keçirilməsinə dəstək verəcək”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
Siyasi təhlilçi ötən gündən etibarən İsrailin Qəzzada start götürdüyü hərbi əməliyyatları şərh edib.
Onun sözlərinə görə, Trampdan əvvəl də Qəzzaya qarşı müharibə aparılsa da, məhz onun dövründə bu müharibənin bütün mümkün vasitələrlə başa çatdırılmasına tam dəstək göstərildi:
“Hətta Qəzzanın köçürülməsi planı belə Tramp tərəfindən müdafiə olundu. Bu plan İsrailin strateji maraqlarına tam uyğun gəlir. Prinsip sadədir: əgər insanlar yoxdursa, deməli, problem də yoxdur. Bu baxımdan, İsrail və ABŞ-nin yanaşması Qəzzada HƏMAS probleminin həlli üçün buradakı insanların başqa yerlərə köçürülməsi ideyasına əsaslanır. Lakin milyonlarla insanın Qəzzadan çıxarılıb başqa ərazilərə yerləşdirilməsi reallıqda mümkün görünmür. İsrailin Qəzza ilə bağlı yeni hücum planı müharibəni mümkün qədər qısa müddətdə yekunlaşdırmaq niyyətini əks etdirir. Onların fikrincə, Yaxın Şərq probleminin həlli Həmasın təşkilat kimi tam məhv edilməsindən keçir”.
A. Quliyev əmindir ki, sözügedən məsələ olduqca mübahisəli yanaşmadır:
“Çünki HƏMAS-ın məhv edilməsi nəzəri cəhətdən mümkün olsa da, bu, Yaxın Şərq probleminin həlli demək deyil. Əksinə, Qəzzanın tam işğalı bölgədəki münaqişələri daha da kəskinləşdirəcək. Problemin həlli yolları tamamilə fərqlidir. Təəssüf ki, hazırda Yaxın Şərq məsələsinin real həll yollarını axtarmaqda maraqlı qüvvələr çox azdır”.
Müsahibimiz bəyan edib ki, İsrailin Qəzzada yeni işğal planları bir sıra nəticələr doğura bilər:
“Birincisi, bu, ərəb dünyası ilə münasibətləri daha da kəskinləşdirəcək; ikincisi, Avropa ölkələrində İsrailə qarşı etiraz meyllərini gücləndirəcək; üçüncüsü isə Fələstin dövlətini tanımaq istəyən ölkələrin sayını artıracaq. Xüsusilə sentyabr ayında BMT Baş Assambleyasının yeni sessiyasında Fələstinin tanınması məsələsi yenidən gündəmə gələ bilər. Bu prosesdə Avropa ölkələrinin, xüsusən də Fransanın aktivliyi artacaq”.
“Doğrudur, Fransanın Fələstinə dəstəyi sırf ədalət prinsipindən qaynaqlanmır. Daha çox Fransadakı böyük müsəlman diasporunun növbəti seçkilərdə dəstəyini qazanmaq məqsədi güdür. Lakin motivlərdən asılı olmayaraq, Fələstin xalqının müstəqil dövlət haqqı tanınmalıdır. Bunun qarşısını almağa çalışan hər hansı mövqe isə tarixi perspektivdən məhrum mövqedir”, – deyə o, fikirlərini tamamlayıb.
Rafi Müslümov