İsrail İranda yeni ali dini rəhbəri özü seçmək niyyətindədir? - Hücumların pərdəarxası
“İranın hərbi-siyasi-dini idarəetmə elitasının hədəfə alınmasında İsrailin istifadə etdiyi hücum strategiyası bu versiyanı daha inandırıcı göstərir”.
Bunu Yenicag.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı deyib.
O, İsrailin İranda ali dini liderin seçilməsi prosesi ilə bağlı qurumu hədəfə alması və bunun ölkənin siyasi-hərbi rəhbərliyinə mümkün təsirlərindən danışıb.
Siyasi şərhçi bildirib ki, son günlər ehtimal olunan yeni ali rəhbər qismində daha çox Xomeyninin nəvəsi Həsən Xomeyninin adı gündəmə gətirilirdi:
“SEPAH komandirlərinin zərərsizləşdirilməsindən sonra silahlı struktur daxilində Xameneinin oğlu Müctəba Xameneinin təsir imkanlarının azaldığı, Həsən Xomeyninin isə daha çox ön plana çıxdığı barədə məlumatlar yayılıb.
Xameneinin vəfatından sonra Mütəxəssislər Şurasının yeni ali dini rəhbəri müəyyən edəcəyi gözlənilirdi. İsrailin isə İranda bu rəhbəri seçən qurumun binasını hədəfə alaraq zərbə endirdiyi bildirilir. Ehtimal olunur ki, hücum məhz bununla bağlı iclasın keçirildiyi vaxta təsadüf edib. İranın hərbi-siyasi-dini idarəetmə elitasının hədəfə alınmasında İsrailin istifadə etdiyi hücum strategiyası da bu versiyanı daha inandırıcı göstərir”.
Nəsimi Ələsgərli













