İsrail niyə İranın Suriyanı vurmasına səssiz qaldı? – Gizlinlərin izi ilə…

Şemyuel Meyr

“Ha’aretz” qəzetində nüvə, İran və Orta Şərq, Azad Nüvə Zonası mövzuları üzrə bloqqer


Şəkildə: İslam Keşikçiləri Mühafizə Korpusu 1 oktyabr 2018-ci ildə Kermanşahdan orta-mənzilli ballistik raketlərdən atəş açırlar (Fars Xəbərlər Agentliyi)

“Bu həftə Yaxın Şərqdə qeyri-adi strateji hadisə baş verib. Bu il ərzində ikinci dəfə İran İsrail ilə həmsərhəd olan Suriyanı ballistik raketlərlə hədəfə aldı.

Adəti üzrə həmişə İranın hər hansı ballistik raket sınağından bir saat keçməsini belə gözləmədən kəskin ifadələr işlədən İsrailin baş naziri Benyamin Netanyahu bu dəfə susqun mövqe seçdi.

Oktyabrın 1-i səhərin erkən saatlarında qərbi İranın Kermanşah şəhərindən 458 – 500 mil (750 – 800 km) məsafədə yerləşən hədəfi vurmaq qabiliyyətində olan “Zülfiqar” və

“Qiyam” növlü orta-mənzilli raketlərdən İraq Şam İslam Dövlətinə və Fərat çayının şərqində Suriyanın Əl Bukamal regionundakı İraq Şam İslam Dövlətinin mövqelərinə zərbə endirib.
Bu raket zərbələri sentyabrın 22-də İranın cənub-qərbində yerləşən Ahvaz şəhərində keçirilən parad zamanı qadın və uşaqlar da daxil olmaqla ən azı iyirmi beş nəfərin ölümü ilə nəticələnən terror aktına cavab idi.

Əl Bukamal Suriyada İraq Şam İslam Dövlətinin sonuncu dayaq məntəqəsidir. İran həmin ərazidə Birləşmiş Ştatların silahlı qüvvələri ilə çox yaxınlıqda olduğunu nəzərə almalıydı ki, Pentaqon əvvəlcədən belə narahat olmasın. Bu raket zərbələrindən bir həftə əvvəl bildirilir ki, Birləşmiş Ştatların kəşfiyyatı İranın yuxarıda adıçəkilən ərazilərə atmaq üçün müvafiq bölgəyə raketlərini daşıdığından məlumatlı olub.

Suriyada fəaliyyət göstərən Birləşmiş Ştatların koalisiya qüvvələrindəki hərbi sözçüsü təsdiq edib ki, həmin raket zərbələri Amerikanın həmin bölgədə yerləşən mövqeyindən beş km yaxınlıqdan atılsa da, Amerikanın hərbi qüvvələri “təhlükəyə məruz” qalmayıblar. İranlılar özlərinə çox möhkəm bağlanan kəndiri açmadan bu əməliyyatı aparıblar.
Bu həftə endirilən raket zərbələri 2017-ci ilin iyun ayında həyata keçirilən hərbi əməliyyatların təkrarıdır. 2017-ci ildə Tehranda baş verən iki terror hücumuna cavab olaraq İran “Zülfiqar” raketlərindən Suriyanın Der ez-Zor bölgəsində yerləşən İŞİD mövqelərinə zərbə endirib.

İsrail İran raket zərbələri haqqında çox kəskin hesabatlar verib. İlkin verilən yanlış hesabata görə, İran hətta (İsrailin daxilindəki mövqeləri hədəfə almaq üçün ) 800 mil (1280 km) məsafədə yerləşən hədəfi vurmaq qabiliyyətində olan “Şahab-3” raketlərindən istifadə edib. Lakin Rəsmi İranın verdiyi açıqlamaya görə, hərbi birləşmələr çox az məsafəyə gedib çata bilən “Zülfiqar” raketlərindən atəş açıb. İran rəsmilərinə görə, bu raketlər İsrail ərazisinə çatmaq iqtidarında deyil. Bu açıqlama regionda yaranan qorxu və təhlükəni azaltdı.

2017-ci ildə İranın ballistik raketlərindən narahatlıq keçirməsinə baxmayaraq, İsrail bu həftə İranın Suriyaya atdığı raket zərbələrinə sakit reaksiya verib. İranın həyata keçirdiyi bu raket zərbələri barədə xəbərlər İsrailin aparıcı “Ha’aretz”, “Yediot Aharonot” və “Maariv” qəzetlərinin birinci səhifələrində deyil, iç səhifələrdə qısa xülasə şəklində yer alıb. İsrailin İran haqqında bu mətbuat şərhləri ölkənin müharibə vəziyyətində bir az təəccübə düşdüyünü göstərir.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının sessiyasında İrana qarşı aqressiv çıxış edib ölkəsinə qayıdan İsrailin baş naziri Benyamin Netanyahu İranın Suriyaya endirdiyi bu raket zərbələrinə müvafiq gərginliklə reaksiya verib. Lakin İsrailin baş naziri İranın Suriyaya zərbə endirdiyi raketlərin üzərində yazılan “İsrailə ölüm!” sözlərinə diqqət yetirib. Bu ifadə Netanyahunu öz fikrini bildirməyə sövq edib: “İranın cənubi İranda baş verən terror hücumunda İsrailin əli olduğunu əsaslandırmaq cəhdi gülüncdür. Suriya ərazisinə İran tərəfindən atılan raketlərin üzərində yazılan “İsrailə ölüm! ” sözləri hər şeyi sübut edir”.

Benyamin Netanyahu ifadə etməyi xoşladığı İranın regionda potensial təhdidi və yaxud Suriya ərazisinə endirdiyi ballistik raket zərbəsinin arxasında dayanan strateji məna barədə hər hansı fikir bildirmədi. Xatırladaq ki, Netanyahu və İsrail mediası Ahvazda baş verən insidenti müzakirə edərkən “terror hücumu” ifadəsindən istifadə ediblər.

İranın Suriya ərazisinə ballistik raket zərbəsi endirmək qərarı böyük ehtimal ki, yüksək siyasi səviyyədə qərara alınıb. Hər iki ssenari açıq təcavüz əleyhinə cavab kimi göstərilərək İranın strateji qərarına təsir edib ki, Tehran başqa ölkənin ərazisinə ballistik raket zərbəsi endirsin. İranın nöqteyi-nəzərindən bu raket zərbələri sadəcə müdafiə əməliyyatıdır. Tehran beynəlxalq ictimaiyyətin onu raket zərbələri endirməyə başlayan ölkə hesab etməsini və müdafiə xarakterli hücumlarını təqdir etməməsini qəbul etmir. İran daha çox İsrail və Birləşmiş Ştatların reaksiyalarına izahat verərək özünü doğrultmağa çalışır.

İran və Birləşmiş Ştatlar arasında gərgin diplomatik qarşıdurmanın fonunda müdafiəedici-təhdidedici raketlərin istifadəsi gündəmə gəlir. ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu müəyyən vaxtlarda İranın raket sınaqları keçirməsinin Birgə Ümumi Fəaliyyət Planını kobudluqla pozduğunu bildirirlər. Lakin onlar səhv düşünürlər. Çünki raket sınaqları nüvə razılaşmasının tərkib hissəsi deyil. Hər iki ölkə rəhbəri Tehranın ballistik raket proqramını dayandırmasını təkid edir. Qeyd edək ki, Birgə Ümumi Fəaliyyət Planı 14 iyul 2015-ci ildə Vyana şəhərində İran və digər aparıcı dünya dövlətləri Çin, Fransa, Almaniya, Rusiya, Birləşmiş Krallıq, Birləşmiş Ştatlar həmçinin Avropa Birliyi arasında imzalanıb və tarixə İran Nüvə Razılaşması kimi yazılıb. Lakin bu ilin mayında Amerika prezidenti Donald Tramp sənəd imzalayaraq Birləşmiş Ştatların bu razılaşmadan çıxdığını bildirdi.

Ehtimal olunur ki, İran Suriyaya raket zərbələri endirməklə Birgə Ümumi Fəaliyyət Planı qarşısında götürdüyü öhdəliyə sadiq qalaraq beynəlxalq ictimaiyyətə ballistik raketlərdən özünü müdafiə etmək məqsədilə istifadə etdiyini izah edir. İran Nüvə Razılaşması nüvə silahından istifadəni qadağan edir. İran Beynəlxalq Atom Enerjisi Agentliyinin fəaliyyəti tarixində monitorinq qrupunun fəaliyyətinə çətinlik yaradan ən pis dövlət kimi göstərilir.

Strateji mənada İsrail Suriyada özünün təhdidedici əməliyyatını aparır və Tehran buna görə İsraillə açıq qarşıdurmaya gedə bilmir. İranın Suriyaya raket zərbəsi endirməsi qeyri-şifahi ismarıc olaraq xəbərdarlığın bir forması, digər tərəfə ünvanlanan təhdid kimi qiymətləndirilə bilər. “İsrailə ölüm!” ismarıcına baxmayaraq, İsrailin bu raket zərbələrini müəyyən mənada özünün hədəflərinə təhlükə kimi qəbul etməməsi başa düşülür.

Tehran bu raketlərdən istifadə etməklə İsraili vura biləcək uzaq mənzilli raketinin olmadığını bildirdi. Bununla İran İsrailə raket zərbəsi endirə biləcək müvafiq hərbi meydanının olmadığını göstərdi. Hər iki halda, Kermanşahdan Suriyaya endirilən raket zərbələri coğrafi xətlə Aralıq Dənizi boyunca Suriyanın şimalına yönəlib və bu raketlər İsrailin cənub istiqamətini hədəf götürə bilməzdi.

Hər halda, raketlərin özləri ismarıcdır. Çox keçməz İslam Keşikçiləri Korpusu raket sınağı keçirərək digər dövlətə də raket zərbəsi endirər. İranın çox ziddiyyətli xətti keçsə də, anlaşılmayan əməliyyatlar apardığı aşkardır”.

Qeyd: Yazı “Ha’aretz” qəzetində nüvə, İran və Orta Şərq, Azad Nüvə Zonası mövzuları üzrə bloqqeri Şemyuel Meyr tərəfindən Atlantika Şurası üçün yazılıb. Atlantika Şurası Amerika Birləşmiş Ştatlarının beynəlxalq münasibətlər üzrə fəaliyyət göstərən beyin mərkəzidir. 1961-ci ildə yaradılmış bu qurum beynəlxalq miqyasda siyasətçilər, işgüzar dairələr və ziyalılar üzrə forum təşkil edir. On regional mərkəzi var. Beynəlxalq təhlükəsizlik və qlobal iqtisadi tərəqqi istiqamətində çox sayda funksional proqram idarə edir. Qərargahı Vaşinqtonda yerləşən bu beyin mərkəzi Atlantik Müqaviləsi Assosiasiyasının üzvüdür.

COP29