İsrail ordusu Qəzza ətrafında hərbi qadağa zonası yaratdı
İsrail ordusu Qəzza zolağı ətrafında hərbi qadağa zonası elan edib. Qərarın ifrat sağçı və sağçı siyasətçilərin, eləcə də onların tərəfdarlarının Qəzzaya doğru planlaşdırdıqları yürüşün qarşısını almaq məqsədi daşıdığı bildirilir.
Yenicag.az “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, yürüşdə səkkiz nazirin, o cümlədən milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Betsalel Smotriçin iştirak etməsi planlaşdırılırdı. Aksiyanın məqsədinin Qəzza zolağında yeni İsrail yaşayış məskənlərinin salınmasına dəstək vermək olduğu qeyd olunur.
Smotriç bundan əvvəl, mart ayında Qəzzada üç yeni yaşayış məskəninin yaradılması üçün hazırlıqların başa çatdığını açıqlamışdı. O, daha sonra Baş nazir Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsı bu planların həyata keçirilməsinə çağırsa da, rəsmi addım atılmamışdı.
Qəzza zolağında müharibə 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. İsrail tərəfinin məlumatına görə, həmin hücum nəticəsində 1200 nəfər həlak olub, təxminən 250 nəfər girov götürülüb.
Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən isə, müharibə başlayandan bəri 73 mindən çox fələstinli həyatını itirib. Hazırda bölgənin təxminən iki milyon sakini sahil boyunca dar ərazidə, əsasən müvəqqəti çadırlarda və ya zədələnmiş binalarda yaşayır.













