İsrail Qəzzada “humanitar şəhər” YARADIR – Yeni plan “etnik təmizləmə” riski DAŞIYIR?
İsrailin müdafiə naziri İsrael Katz Qəzza zolağının cənubundakı Rəfah şəhərinin xarabalıqları üzərində “humanitar şəhər” inşasına hazırlıq görülməsi üçün ölkə ordusuna göstəriş verib.
Yenicag.az bildirir ki, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.
Layihə beynəlxalq arenada ciddi tənqidlərə səbəb olub və bəzi müşahidəçilər tərəfindən “konsentrasiya düşərgəsi” kimi qiymətləndirilir.
İsrailin baş naziri Benyamin Netanyahu bu həftə ABŞ-yə səfər etdiyi bir vaxtda ölkə daxilində vəziyyət qeyri-müəyyən olaraq qalır. Qəzza zolağında atəşkəs razılaşması hələ əldə olunmayıb, ərazidəki humanitar fəlakətin necə aradan qaldırılacağı isə naməlumdur. Eyni zamanda İsrailin təhlükəsizlik qüvvələrinin nəzarəti altında yaşayan milyonlarla fələstinlinin gələcəyinə dair də hər hansı yol xəritəsi yoxdur.
“Haaretz” qəzetinin yazdığına görə, plan İsrailin Qəzzanın şimalından yüz minlərlə insanı çıxararaq həmin obyektə köçürməsini nəzərdə tutur. İddialara görə, bu əhali İsrailin HƏMAS-a qarşı əməliyyatlar apardığı müddətdə bu “humanitar şəhər”də saxlanılacaq və əsas məqsəd, bu insanların gələcəkdə onları qəbul etməyə hazır olan digər ölkələrə mühacirət etməsinə şərait yaratmaqdır.
İsrailin müdafiə naziri İsrael Katz bu niyyətini açıq şəkildə ifadə edərək bildirib ki, bu layihə həm təhlükəsizlik, həm də demoqrafik baxımdan İsrailin maraqlarına xidmət etməlidir. Lakin beynəlxalq hüquq müdafiəçiləri bu cür hərəkətlərin Cenevrə Konvensiyalarına zidd olduğunu vurğulayır və bunun zorla yerdəyişmə, hətta etnik təmizləmə riski daşıdığını bildirirlər.
Hazırda layihənin texniki detalları və beynəlxalq tərəfdaşlarla razılaşdırılması barədə rəsmi açıqlama verilməyib. Lakin planın reallaşacağı təqdirdə, bu addımın həm bölgədəki gərginliyi artıracağı, həm də İsrailin beynəlxalq müstəvidə daha ciddi təzyiqlərlə üzləşəcəyi ehtimal edilir.
Göycə Göycəyev