İsrail Qəzzanı ikinci PLANA ATDI: "Hücum yaxın perspektivdə mümkündür"
“Qəzza məsələsi ilə bağlı İsrail hökumətinə ciddi təzyiqlər var. Xüsusilə ABŞ və İsrail rəhbərlikləri arasında bu istiqamətdə fikir ayrılıqlarının yaşanması heç kəsə sirr deyil”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirib.
O qeyd edib ki, bir sıra Qərb ölkələri, o cümlədən müsəlman dövlətləri və ABŞ İsrailin Baş naziri Binyamin Netanyahuya ciddi təzyiqlər göstərir:
“Müsəlman ölkələrinin Qəzza ilə bağlı razılaşmanı dəstəkləməsinə baxmayaraq, Netanyahu bildirib ki, ordusu sözügedən ərazidə qalmağa davam edəcək. Eyni zamanda, onlar Fələstin dövlətinin yaradılmasına icazə verməyəcək. Düşünürəm ki, bu razılaşma qısamüddətli xarakter daşıyır və uzunmüddətli perspektivdə reallaşması mümkün deyil. Ola bilər ki, bu addımla İsrail Qəzza ilə bağlı planlarını bir qədər gecikdirsin və əvəzində digər istiqamətlərdəki niyyətlərini həyata keçirsin. Rəsmi Təl-Əvivin Suriyanın ərazi bütövlüyünü pozması, həmçinin Qətərə qarşı hücumu və Yaxın Şərqdə atdığı bəzi addımlar göstərir ki, Netanyahu hökuməti regionda sabitliyin bərqərar olmasında maraqlı deyil”.
Ekspert bildirib ki, İsrailin İrana hücumu mümkün ssenarilərdən biridir:
“Bölgədə baş verən proseslər, eyni zamanda İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında səsləndirdiyi fikirlər və ifadə etdiyi narahatlıq onu deməyə əsas verir ki, bu istiqamətdə rəsmi Tehranın əlində yetərincə informasiya mövcuddur. Qeyd etmək lazımdır ki, İsrailin İrana ilk hücumundan sonra Yəhudi dövlətinin lideri İsaak Hersoqla ABŞ Prezidenti Donald Tramp arasında ziddiyyətli fikirlər səsləndirilmişdi. Lakin hazırkı məqamda sionist lobbisinin ABŞ rəhbərliyi üzərində təsirini görmək mümkündür. Ölkə rəhbərliyində təmsil olunan şəxslərin açıqlamalarında da bu öz təsdiqini tapır və məsələnin nə qədər mürəkkəb olduğunu göstərir. Düşünürəm ki, İsrailin İrana hücumu yaxın perspektivdə baş verə bilər”.
Məlik Məlikov