İsrail-Türkiyə gərginliyi yenidən ALOVLANIR – Bakıdakı görüş tərəfləri qarşıdurmadan uzaq SALA BİLƏCƏK?

media-hightechnic-468x90

 

“İsrail və Türkiyənin Suriyada qarşıdurmadan yayınmaq üçün razılaşmağa çalışdığı “qarşıdurmanın qarşısının alınması mexanizmi” onların təhlükəsizlik dilemmasını həll etməkdə kifayət qədər təsirli olmayacaq və bu səbəbdən də mümkün qarşıdurmanı yalnız təxirə sala bilər”.

Bunu Yenicag.az-a açıqlamasında Rusiyada yaşayan amerikalı mütəxəssis Endryu Koribko deyib.

Siyasi təhlilçi Suriya məsələsində İsrail-Türkiyə danışıqlarının pərdəarxası məqamlarına toxunub.

Həmsöhbətimiz xatırladıb ki, İsrail və Türkiyə ötən həftə Azərbaycanda Suriyada təsadüfi toqquşmaların qarşısını almaq məqsədilə “qarşıdurmanın qarşısının alınması mexanizmi” yaradılması ilə bağlı danışıqlar aparıblar:

“Təfərrüatlar açıqlanmayıb, lakin bu mexanizm 2015-ci ilin sentyabrında İsrail və Rusiya arasında razılaşdırılan və bu gün də qüvvədə olan modelə bənzəyə bilər. Lakin bu dəfə məsələ daha mürəkkəbdir, çünki 2024-cü ilin dekabrında Əsəd rejiminin çökməsindən sonra Suriyada İsrail-Türkiyə rəqabəti daha da kəskinləşib”.

Analitik əmindir ki, İsrail postsovet Rusiyasını heç vaxt təhlükə kimi görməyib və əksinə, Putin dövründə münasibətlər daha da yaxınlaşıb:

“Belə ki, onun yəhudilərə simpatiyası məlumdur. Bu səbəbdən də Rusiya ilə “qarşıdurmadan yayınma mexanizmi”nin hazırlanması və qorunması çətin olmayıb. Rusiya İsrailin İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və “Hizbullah”ı bombalamasına ideoloji və ya strateji cəhətdən qarşı çıxmırdı. Ancaq İsrailin Türkiyə ilə münasibətləri tamam fərqlidir və indi bu fərqlərin nədən ibarət olduğu açıqlanır”.

Onun fikrincə, 7 oktyabr hadisələrindən sonra İsrail və Türkiyənin bir-birinə qarşı təhdid qavrayışı daha da pisləşdi:

“Türkiyə hesab edir ki, İsrailin Qəzzadakı hərbi əməliyyatı müsəlmanlara qarşı soyqırımıdır və gələcəkdə digər yerlərdə də təkrarlana bilər. Bunun qarşısını almaq üçün bölgədə güc balansı bərpa olunmalıdır. İsrail isə ehtimal edir ki, Türkiyə Suriyadakı müttəfiqləri vasitəsilə HƏMAS-ı yerləşdirə bilər və bu qruplaşma Türkiyə hava hücumundan müdafiə sistemləri ilə (hətta suriyalı hərbçilər tərəfindən idarə olunsa belə) qoruna bilər”.

E. Koribko əmindir ki. Türkiyənin Suriya ilə sərhəddə yerləşməsi ona öz müttəfiqlərini, eləcə də HƏMAS-ı silahlandırmağı və dəstəkləməyi İranın Əsədə və “Müqavimət oxuna” etdiyi dəstəkdən daha sürətli və effektiv şəkildə həyata keçirməyə imkan verir:

“Bu isə İsrailin əvvəllər Rusiya ilə əldə etdiyi “qarşıdurmanın qarşısının alınması mexanizmi” ilə tənzimlədiyi təhlükədən daha ciddi milli təhlükəsizlik problemi yaradır. Çünki bu dəfə söhbət HƏMAS-ın qorunmasından gedir, halbuki Rusiya heç vaxt Müqavimət qüvvələrini aktiv şəkildə qorumayıb. Əgər İsrailin Suriyada HƏMAS-a qarşı həyata keçirdiyi hava əməliyyatı zamanı türk hava hücumundan müdafiə sistemləri (hətta suriyalılar tərəfindən idarə olunsa belə) İsrail təyyarəsini vursa, bu, regional böhranı alovlandıra bilər. Bu ssenaridə ABŞ-ın hansı tərəfi dəstəkləyəcəyi məlum deyil və belə bir hadisə İsrail-Türkiyə toqquşmasına, hətta müharibəyə səbəb ola bilər”.

Mütəxəssis hesab edir ki, belə bir toqquşmanın qarşısı alınmazsa, vəziyyət daha da kritikləşə bilər:

“Lakin bu qarşıdurmanın kökündə HƏMAS-dan çox regional liderlik uğrunda mübarizə dayanır. İsrail və Türkiyə İrandan boşalan geosiyasi boşluğu doldurmaq uğrunda rəqabət aparır. İsrail Suriyada bombalama azadlığını saxlamaq və kürd və druzları gücləndirərək ölkənin mərkəzdənqaçma formasına düşməsini istəyir. Bu, onu daha asan idarəolunan və bölünəbilən edər. Türkiyə isə mərkəzləşmiş Suriyada hərbi bazalar və HƏMAS-a dəstək yolu ilə nəzarət istəyir. Bu, onun 14 illik rejim dəyişikliyi siyasətinə uyğun “divident” olaraq görünür”.

“Ümumilikdə, hadisələr göstərir ki, İsrail-Türkiyə rəqabətini idarə etmək üçün təkcə “qarşıdurmadan yayınma mexanizmi” kifayət deyil. Ən effektiv həll Rusiyanın vasitəçiliyi ilə həyata keçiriləcək diplomatik təşəbbüs ola bilər. Ancaq Dəməşq bu planı qəbul etməyə bilər, Türkiyə isə razılıq olmasa belə Suriyada daha çox baza qurmağa çalışa bilər. Əgər Tramp razılıq əldə edə bilməsə, İsrail və Türkiyə arasında hərbi qarşıdurma qaçılmaz görünür”, – deyə həmsöhbətimiz fikirlərini yekunlaşdırıb.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600