!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İsrail və “Hizbullah” atəşkəs ELAN ETDİ: “Yeni dövrün başlanğıcı ola bilər”

!Reklam – Yazi

“Yaxın Şərqdə gərginliyin azalması istiqamətində əhəmiyyətli bir addım atılıb. Bu, BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul etdiyi 1701 saylı qətnamənin yenidən gündəmə gətirilməsi və icrası ilə bağlıdır”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, analitik Sədrəddin Soltan deyib.

Mütəxəssis İsrail və Livandakı “Hizbullah” qruplaşması arasında əldə olunan atəşkəsdən söz açıb.

S. Soltanın sözlərinə görə, razılaşmaya əsasən, İsrailin cənub bölgələrinə qarşı şimaldan gələn təhdidlər dayandırılacaq və tərəflər arasında atəşkəs rejiminə riayət olunacaq:

“Əgər atəşkəs pozularsa, əldə edilmiş razılığa əsasən, İsrail özünü müdafiə hüququndan istifadə edərək yenidən hərbi əməliyyatlara başlamaq səlahiyyətinə sahib olacaq. Bu addım həm də beynəlxalq güclərin, xüsusilə ABŞ, Rusiya, Çin və İran arasında razılaşmaların bir hissəsi kimi qiymətləndirilir. Bu kontekstdə İsrail təkcə “Hizbullah”a qarşı deyil, həm də İran, Rusiya və Çin kimi böyük oyunçuların bölgədəki təsirinə qarşı mübarizə aparır”.

Mütəxəssis əmindir ki, bununla yanaşı, atəşkəs rejiminə əməl olunduğu təqdirdə, İsraillə Livan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinin başlaması gözlənilir:

“HƏMAS-a gəlincə, İsrail əvvəlcədən bəyan edib ki, əgər HƏMAS İsrailin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdid yaratmazsa, radikal silahlı qruplaşmaların fəaliyyətləri dayandırılarsa, bölgədə hərbi əməliyyatlara ehtiyac qalmayacaq. Bu, HƏMAS-ın perspektivdə silahlı mübarizəni dayandıraraq, siyasi platformada fəaliyyət göstərməsi üçün yeni imkanlar açır. Bütün bu proseslər bölgədə stabilliyin təmin edilməsi, İsrail ilə Fələstin arasında münasibətlərin normallaşması və Ərəb dünyası ilə İsrail arasında əlaqələrin inkişaf etdirilməsi üçün yeni dövrün başlanğıcı ola bilər. Bu razılaşma həmçinin İranın regiondakı təsirinin azalmasına səbəb ola və İranla Qərb arasında nüvə proqramı ilə bağlı danışıqların uğurla nəticələnməsinə şərait yarada bilər. Bu təşəbbüs bölgədə gərginliyin azaldılması istiqamətində mühüm bir addımdır və onun nəticələri atəşkəs rejiminə əməl olunmasından asılıdır”.

Rafi Müslümov

www.yenicag.az

340
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv