İsrailin İranla bağlı ehtiyatlandığı məqam: Tramp meydan oxuyur, İRAN GERİ ÇƏKİLMİR
ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatları sürətlə genişlənir.
Yenicag.az xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranın hava hücumundan müdafiə sistemlərinin faktiki olaraq məhv edildiyini bildirərək gərginliyi daha da artırıb. O qeyd edib ki, ABŞ ordusunun uzunmüddətli müharibə aparmaq üçün kifayət qədər silahı var və artıq diplomatik danışıqlar üçün gecdir.
Eyni zamanda İsrail əməliyyatları daha da sürətləndirir. İsrailin hərbi planına yaxın mənbələr bildirir ki, əməliyyatın ilkin planı iki həftə davam etməli idi, lakin hücumların gözləniləndən daha sürətli getdiyi qeyd olunur. Məlumata görə, İsrail Vaşinqtonun müəyyən mərhələdə Tehranla razılaşma əldə edəcəyindən ehtiyat etdiyi üçün hərbi əməliyyatları maksimum sürətlə davam etdirməyə çalışır.
İranın qərar mərkəzləri hədəfdə
Son hücumlarda İranın müxtəlif bölgələrində raket və pilotsuz uçuş aparatlarının (PUA) buraxılış meydançaları vurulub. Bununla yanaşı, ölkənin siyasi qərarlarının qəbul edildiyi əsas strukturlar da hədəfə alınıb. Tehran şəhərində yerləşən Prezident Administrasiyası və Milli Təhlükəsizlik Şurası kimi mühüm mərkəzlərə zərbələr endirildiyi bildirilir.
Bundan əlavə, ölkənin ali dini rəhbərini seçmək səlahiyyətinə malik olan İran Ekspertlər Məclisinin binasına iki dəfə hava zərbəsi endirildiyi qeyd olunur. Bu hadisə Tehranda siyasi vəziyyəti daha da gərginləşdirib.
Tehranda yeni dini lider müzakirələri
Hücumlarla paralel olaraq İranda yeni ali dini liderin seçilməsi ilə bağlı müzakirələrin intensivləşdiyi bildirilir. Ekspertlər Məclisinin üzvlərindən biri yerli mediaya açıqlamasında yeni dini liderin seçilməsi prosesinin “uzun çəkməyəcəyini” deyib. Bu isə ölkənin hakimiyyət strukturlarında ciddi dəyişikliklərin ola biləcəyinə dair siqnal kimi qiymətləndirilir.
İranın sərt təhdidləri
İran tərəfi isə cavab təhdidlərini artırır. İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü, briqada generalı Məhəmməd Əli Naini ABŞ və İsraili “cəhənnəmin qapılarını açmaqda” ittiham edib.
Korpus komandanının müşaviri İbrahim Cabbari isə daha sərt açıqlama verərək bildirib ki, əgər ölkənin “əsas mərkəzləri” hədəfə alınarsa, İran Hörmüz boğazından keçən bütün gəmiləri vura bilər.
Bu açıqlamalar göstərir ki, Yaxın Şərqdəki münaqişə daha genişmiqyaslı regional böhrana çevrilə bilər. ABŞ və İsrailin hücumlarının davam etməsi, eyni zamanda Tehranda siyasi rəhbərlik ətrafında baş verən dəyişikliklər regionda vəziyyəti son dərəcə həssas mərhələyə gətirib.













