Aktrisadan ÖZÜNƏ QADAĞA: "Bu, mənim qırmızı xəttimdir"
“Aktyorluq sənətində belə bir fikir var ki, aktyor qarşısına çıxan hər bir rolu canlandırmağı bacarmalıdır. Lakin mən düşünürəm ki, hər bir aktyorun şəxsi seçimi və qırmızı xətti də olmalıdır. Bəzən elə obrazlar olur ki, aktyor onları öz ruhuna, dünyagörüşünə və hisslərinə yaxın hiss etmir. Məncə, bu zaman həmin rolu qəbul etməmək daha doğru seçimdir”.
Bunu Yenicag.az-a açıqlamasında aktrisa Aydan Ağayeva deyib.
Sənətdə “qırmızı xətt”in vacib olduğunu deyən aktrisa hətta yüksək qonorar müqabilində belə aktyorun ona uyğun olmayan rolları oynamağına qarşı çıxıb:
“Aktyorluq təkcə peşəkarlıqdan ibarət deyil, burada daxili uyğunluq da böyük rol oynayır. Hər şey qonorarla ölçülmür. Aktyora çox yüksək qonorar təklif oluna bilər, amma əgər rol onun ruhuna yatmırsa, o obrazı səmimi və inandırıcı şəkildə canlandırmaq çətin olacaq.
Mən hesab edirəm ki, aktyor oynadığı hər bir xarakterdən müəyyən qədər özündə daşıyır və həmin xüsusiyyətləri obraz vasitəsilə üzə çıxarır. Əlbəttə, istisnalar da var. Amma şəxsi adımdan deyə bilərəm ki, əgər hansısa rolda özümü rahat hiss etməyəcəmsə və o obraz mənə uyğun gəlməyəcəksə, onu canlandırmaq istəmərəm. Çünki yarımçıq və inandırıcı olmayan bir ifa təqdim etməkdənsə, həmin roldan imtina etmək daha yaxşıdır.
Mənə görə aktyor özünü rahat hiss etdiyi, bacara biləcəyinə inandığı və daxilən qəbul etdiyi rollarda oynamalıdır. Təkcə qonorar naminə uyğun gəlməyən bir obraza razılaşmaq doğru deyil. Hətta elə aktyorlar da olub ki, yüksək qonorar müqabilində rol qəbul etsələr də, sonradan həmin obrazın onlara uyğun olmadığını və onu istədikləri səviyyədə canlandıra bilmədiklərini etiraf ediblər. Buna görə də düşünürəm ki, aktyor üçün ən vacib məqamlardan biri rol ilə daxili uyğunluğun olmasıdır”.
Cəvahir













