İsrailin növbəti “düşmən” OBRAZI: Bu dəfə hədəfdə Türkiyədir – ŞOK DETALLAR ÜZƏ ÇIXDI
“Hazırda Türkiyə ilə İsrailin qarşı-qarşıya gətirilməyə çalışıldığı hər kəsə açıq məsələdir. Bunun bir neçə əsas səbəbi var. Birincisi, İsrail dövləti qurulduğu gündən etibarən özünü “təhlükə və düşmən” kontekstində məntiqləndirməyə məcburdur: şahinlərlə göyərçinlər arasında daxili rəqabət həmişə mövcuddur və hakimiyyətdə qalmaq üçün xarici düşmən obrazına ehtiyac yaranır”.
Bunu Yenicag.az-a açıqlamasında türkiyəli analitik Hüsaməddin İnaç deyib.
O, Türkiyə və İsrail arasında uzun müddətdir davam edən gərgin münasibətləri, eləcə də Suriya ilə bağlı məsələlərdə Təl-Əviv və Ankaranın yanaşmasını şərh edib.
Analitik xatırladıb ki, 1979-cu ildə baş verən inqilabdan sonra İran uzun müddət İsrail üçün “baş düşmən” rolunu oynayıb:
“Amma son dövrlərdə İranın proksi güclərinin – Livan “Hizbullah”ı, Suriyadakı bəzi qruplar, İraqdakı fraksiyalar və Yəməndə husi hərəkatının əməliyyat qabiliyyətinin zəifləməsi İsraili yeni “növbəti” axtarışına vadar edib. 12 günlük İsrail-İran müharibəsindən sonra İranın regionda iddiasının əhəmiyyətini itirməsi bəzi dairələrdə müşahidə olunub. Nəticədə İsrail üçün yeni “təhdid” kimi Türkiyə şübhə və diqqət mərkəzinə düşür, xüsusilə ixvanla, HƏMAS-la və digər regional şəbəkələrlə bağlı ittihamlar vasitəsilə Türkiyəni “növbəti” kimi təqdim etməyə çalışırlar. Belə təqdimat İsrailə daxili ictimai rəy üçün müəyyən hərbi və təhlükəsizlik siyasətlərini “legitimləşdirmək” imkanı verir”.
Onun sözlərinə görə, digər tərəfdən, Türkiyə ilə İsrail arasında qarşıdurmanın Suriya və ya Kipr vasitəsilə ortaya çıxması ehtimalı realdır:
“İsrail Suriyada parçalanmış, zəif və mərkəzləşməmiş idarəetmə strukturu görmək istəyir və Türkiyənin məhz Suriya cənubunda daha geniş təsir göstərməsini istəmir. Türkiyənin Həma-Hüms-Palmira yaxınlığında mövqe yaratmaq niyyəti, Suriya ilə hərbi və müdafiə əməkdaşlığını gücləndirmək istəyi və PKK/YPG və onların Suriya törəmələrini zəiflətmək ambisiyası İsrailin maraqları ilə ziddiyyət təşkil edir. Buna görə də Suriyada İsrail-Türkiyə gərginliyi yaxın perspektivdə mümkündür”.
H. İnaç əmindir ki, Türkiyənin son dövrlərdə müdafiə sənayesindəki güclənməsi və milli güc elementlərini möhkəmləndirməsi də İsraili narahat edir:
“Hazırkı geosiyasi durum İsrailə bölgədə daha çevik aqressiv məqamlardan istifadə edərək Türkiyəni də yeni “hədəf” olaraq görmə imkanı yaradır. Bu kontekstdə İsrailin məqsədi bəzi təhlillərə görə “teokratik meyllərini” və təhlükə narrativini davam etdirməkdir. Bununla bağlı olaraq Türkiyə öz təhlükəsizlik və diplomatik ehtiyatlarını artırır. Məlumatlara görə, Türkiyə əvvəlcədən müəyyən hədəflər barədə xəbərdarlıq edib və humanitar-xüsusi missiyalarda bəzi səylər göstərib. Məsələn, Qəzza liderlərinin təhlükəsizliyinə dair müəyyən məlumatlar Milli Kəşfiyyat Xidməti – MİT vasitəsilə ötürülüb və bunun xilasetmə üzərində rolu olub. Türkiyə Qəzza məsələsini yalnız lokal bir problem kimi deyil, İslam dünyasının və regionun ümumi problemi kimi qiymətləndirir. Prezidentin 7 oktyabrdan sonrakı bəyanatlarında da bu vurğulanıb: “Bu, yalnız Qəzzə problemi deyil, bu, İsrailin regiona yönəlmiş aqressiv siyasətinin nəticəsidir”.
“Nəticə etibarilə bu gün İsrail regionda həm Suriya, həm İraq, həm İrana, həm Yəmənə, həm də Livana qarşı müxtəlif səviyyəli hərbi-siyasi manevrlər göstərə bilir. Bu isə bölgədə sabitliyi pozur və Türkiyəni hərəkətə keçirir. Türkiyə, ehtimal ki, yaxın zamanda Suriya ilə bağlı yeni hərbi addımlar atacaq və öz “qırmızı xət”lərini yenidən müəyyən edəcək. Bundan sonra İsrailin mövqeyi və hərəkət tərzi, həmçinin regional aktorlarla qarşılıqlı münasibət, İsrail-Türkiyə arasında mümkündür ki, hansısa mərhələdə açıq qarşıdurmanın başlayıb-başlamayacağını müəyyən edəcək”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov