!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulun “süqut”u və azərbaycanlı “Gənc türklər”

!Reklam – Yazi

Türkiyədə yerli seçkilər nəhayət başa çatdı. Türkiyə ictimai-siyasi həyatının bu mühüm hadisəsi Azərbaycan mediasının, hətta sıravi vətəndaşlarımızın, ən azı sosial şəbəkələrin aktiv hissəsinin diqqət mərkəzində oldu. Bu da aydındır – Türkiyə qardaş ölkədir, necə yaşadıqlarını, nə dediklərini və nə istədiklərini bilirik, hətta bir çox məsələlərdə onlara bənzəməyə çalışırıq.

Orta statistik azərbaycanlının həyatını Türkiyə serialları, Türkiyə futbolu, mətbəxi və sair olmadan təsəvvür etmək mümkün deyil. Ona görə də, həmvətənlərimizin qardaş Türkiyəyə yönəlik hədsiz maraq və diqqətinə təəccüblənmirik. Hər halda, bir millət, iki dövlətik. Türkiyə seriallarını çoxumuzun görmədən vurulduğumuz, haqlı olaraq, dünya mədəniyyətinin incisi, bir neçə sivilizasiyanın beşiyi sayılan İstanbulsuz necə təsəvvür edirsiz?

O cümlədən, mən, bu sətirlərin müəllifi, Türkiyə mövzusunu daim diqqətdə saxlayan və indiyə kimi bir dəfə də Türkiyədə olmayan Qafqaz Ömərov 31 mart yerli seçkilərindən sonra MSK-nın açıqlayacağı nəticələri gözləyirdim. Türkiyəyə qarşı bu sevgini bizə kimsə sırımayıb, çünki Bakı qədər İstanbulu da özümüzünkü hesab edirik.

Yaxşı, bəs İstanbulda nə oldu? Yoxsa siz hələ də Rəcəb Tayyib Ərdoğanı diktator kimi görürsüz? Axı diktator nəyin bahasına olursa-olsun, paytaxt Ankaranı və əsas şəhərini – İstanbulu müxalifətə verməzdi. Lakin seçki prosesi çox şəffaf şəkildə keçdi və biz əsas siyasi qüvvələrin böyük şəhərlərə nəzarət uğrunda olduqca gərgin mübarizəsinin şahidi olduq. Ötən gün, səslərin sayılması zamanı az qala bütün dünyanın diqqəti İstanbula yönəlmişdi. İlkin nəticələr açıqlandıqda, sabiq baş nazir və hakim AKP-nin namizədi Binəli Yıldırımın öz CHP-li rəqibindən öndə olduğu bildirilirdi. Ancaq yekundə vəziyyət kəskin dəyişdi və CHP-lilər sanki Ərdoğan hakimiyyətini devirmişlər kimi qələbəni bayram etməyə başladılar. Mühafizəkarlar isə Rəisin məğlub olduğunu fikirləşərək, kədərləndilər.

Cənablar, panikaya ehtiyac yoxdur, “Dərin dövlət” Türkiyəni hansı səmtə döndərməyin lazım olduğunu bilir. Orada özlərinin milli burjuaziyası, elmi-intellektual elitası, Türkiyənin Cümhuriyyət tarixi ilə həmyaşıd, çoxillik təcrübəyə malik siyasi təşkilatları var. Konstitusiya islahatından sonra ölkədə prezident üsul-idarəsi tətbiq edilib. O baxımdan, yerli hakimiyyətlərin kimin əlində olması əhəmiyyətli deyil. Ankarada da müşahidə olunduğu kimi, paytaxtın meri postunu müxalifət qazansa da, şəhər ətrafındakı bütün məntəqələrdə nəzarət hakim partiyanın əlindədir. Bu isə o deməkdir ki, Türkiyə xalqı əvvəllər olduğu kimi, partiya simvollarına deyil, siyasi avtoritetlərə rəğbət göstərirlər.

Türkiyədə artıq baş nazir postu yoxdur, prezidenti isə ümumi və birbaşa seçkilərdə xalq seçir. Hökumətin tərkibi də daha parlamentdə deyil, prezident tərəfindən formalaşdırılır. Ona görə də, 31 mart seçkilərinin nəticələrini hakim AKP-nin məğlubiyyəti, sol müxalifətin isə qələbəsi adlandırmaq doğru deyil.

Bu səbəbdən, bizdə Türkiyə seçkiləri ilə bağlı hay-küy salanlara, əsasən də “pantürkist” və “kamalçı”lara (onlara qarşı heç bir iddiam yoxdur) demək istəyirəm ki, əgər qardaş ölkənin siyasətini bu tərzdə anlayırsızsa, oradakı seçkiləri qiymətləndirmək “sizin ağlınızın işi” deyil. Sizlər ilk növbədə bir mühüm detalı nəzərə almalısız ki, əgər hakim Ədalət və İnkişaf Partiyası (AKP) olmasaydı, o halda kürdyönümlü HDP (terrorçu PKK-nın siyasi qolu) Türkiyənin cənub-qərbindəki bütün bələdiyyə vahidlərində qalib gələrdi.

Yeri gəlmişkən, Türkiyədə azərbaycanlıların yığcam yaşadıqları Qars və İğdırda HDP namizədləri qələbə qazanıblar. AKP olmasaydı, HDP Türkiyə parlamentində ən azı 120 deputat yeri əldə edəcəkdi. AKP-yə qədər bu missiyanı Ədalət, Səlamət və Rifah partiyaları yerinə yetiriblər.

O səbəbdən, dostlar, İslam hərəkatı olmadan Türkiyənin güclü dövlət olması, Türk kimliyinin mühafizə edilməsi imkan xaricindədir. İslamçı partiyaları hədəfə götürənlər həmin təşkilatları “ərəbləşdirmə”də ittiham edərkən unudurlar ki, Türkiyə dövlətçiliyinin keşiyində məhz həmin partiyalar dayanırlar. Bir zamanlar Türkiyənin rəhbərləri və ali generalitet 1980-ci il çevrilişindən sonra kommunizm ekspansiyasına qarşı duruş gətirmək məqsədilə İslamçı partiyaların fəaliyyətinə qoyulmuş qadağanı götürdülər.

Vaxtilə Türkiyənin hakim siyasi qüvvələri kommunizm təhlükəsinin artdığını görsələr də, ona qarşı necə mübarizə aparılmasını müəyyənləşdirə bilmirdilər. Çünki kommunistlər məktəb, lisey və universitetlərdə dərin kök salmışdılar. Sol hərəkat güclənir, həmin cərəyana qoşulanların sayı gün-gündən artırdı. Türkidə bolşevik inqilabı yetişirdi. Türkiyə o zaman kommunizm taunundan İslamçı hərəkat xilas etdi. Aşağı rütbəli dini xadimlər hazırlayan “İmam Xətib” liseylərinin fəaliyyətinə də elə o dövrdə icazə verildi. Ölkənin bütün universitetlərində ilahiyyat şöbələri açıldı və dövlət bu yolla bolşevizmi beşiyindəcə boğmağı bacardı.

Yekunda bizim “gənc türklər”ə demək istərdim ki, dostlar, çalışın, öz işlərinizlə məşğul olun, problemləri aşıb-daşan ölkəmizin məsələləri ilə daha çox maraqlanın. Türkiyə türklərinin özləri nəyi necə edəcəklərini bilirlər.

Qafqaz Ömərov

www.yenicag.az

7628
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv