“İstəyirsən, bu gözəl qızın ətirli dəsmalı ilə gözlərimi bağla...” – “Şofer Əhməd”in ANIM GÜNÜDÜR

media-hightechnic-468x90

– Dedim, qabağına bax, yolu çaşarsan!

– Çaşmaram, istəyirsən, bu gözəl qızın ətirli dəsmalı ilə gözlərimi bağla, sizi sağ-salamat Bakıya çatdıraram!

Kinomanlar bu məşhur dialoqu yaxşı xatırladılar, yəqin. Rejissor Adil İsgəndərovun “Əhməd haradadır?” filmində Nərgiz xala ilə şofer Əhmədin dialoqudur. Nəcibə Məlikova və Elxan Qasımov – hər ikisi haqq dünyasındadır.

Bu dialoqu da təsadüfən xatırlamadım. Bu gün iki məşhur aktyordan biri – tanınmış aktyor, Xalq artisti Elxan Qasımovun anım günüdür.

Aktyor var, saysız-hesabsız filmlərdə rol alır. Di gəl ki, heç bir rolu ilə yadda qalmır. Aktyor da var, yaradıcılığı boyu bir neçə filmə çəkilir, amma adını əbədi olaraq kino tarixinə həkk etdirir.

Elxan Qasımov adını kino tarixinə milli kinomuzun incilərindən sayılan “Əhməd haradadır?” filmindəki “Şofer Əhməd” rolu ilə yazdırdı. Elə ömrünün sonuna qədər də “Şofer Əhməd” kimi sevildi və yaddaşlara yazıldı. Digər filmlərdə epizodik obrazlara da çəkildi və həmin rolları ilə də sevilməyi bacardı.

Ömrünün sonuna qədər kinostudiyada inzibati fəaliyyətlə məşğul olsa da, ürəyi kino ilə döyünürdü.

Hər zaman xoşbəxt görünməyə çalışsa da, ürəyində övlad acısı daşıyırdı. Gənc ikən avtomobil qəzasında həyatını itirən oğul balasının – Samirinin yoxluğu ilə heç cürə barışa bilmirdi. Elə bu ağrı-acı ilə də yaşamaq üçün özündə güc axtarıb tapmağa çalışırdı. Amma o dərd aktyoru içindən didib-parçalayırdı. Bir gün dərdin ağırlığına tab gətirməyən ürəyi əbədi olaraq susmalı oldu.

Amma sənətkarlar cismən dünyadan köçür. Yaradıcılıq ömürləri isə əbədi olaraq davam edir. Elxan Qasımov da belə əbədiyaşar aktyorlardandır.

Cəvahir

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600