Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstiqlal şairi Əhməd Cavadın vəfatının üzərindən 84 il keçir

Azərbaycan Xalq Cümhuriyyətinin və müstəqil Azərbaycan Respublikasının Dövlət himninin sözlərinin müəllifi, tərcüməçi, AYB-nin üzvü olmuş professor Əhməd Cavadın vəfatının üzərindən 84 il keçir.

Yenicag.az xəbər verir ki, Axundzadə Cavad Məhəmmədəli oğlu (Əhməd Cavad) 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında (1906-1912), Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb.

O, Quba Xalq Maarif Şöbəsinin müdiri (1920-1922), Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.

Şeirləri 1913-cü ildən çap edilib. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə “Qoşma” adlı ilk kitabı, 1919-cu ildə isə “Dalğa” adlı kitabı nəşr olunub. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.

Əhməd Cavad Türkiyə səfərindən aldığı təəssüratın poetik ifadəsi olan çoxlu şeirlər yazmışdır. Türk xalqına məhəbbət hissini tərənnüm edən bu şeirlərdən biri 1914-cü ilin noyabrında Gəncədə qələmə alınmışdır. Türkiyədə böyük şöhrət qazanmış və Üzeyir Hacıbəyovun 1918-ci ildə Qafqaz İslam Ordusu Bakını azad etdikdən sonra musiqisini bəstələdiyi “Çırpınırdın, Qara dəniz” şeiri Türkiyədə ən çox “Yol ver türkün bayrağına” adıyla məşhurdur. Şeirin Türkiyədə sevilmə səbəblərindən biri şairin türkçülüyü, türk dünyasına rəğbəti, sevgisi ilə bağlı idisə, bir səbəbi də 1912-ci ildə dəniz savaşında Türkiyənin məşhur “Həmidiyyə” zirehli gəmisinin Yunanıstanın “Averof” hərbi gəmisini məhv etməsidir. Birinci Dünya müharibəsində admiral Rauf Orbay öz ixtiyarındakı “Həmidiyyə” zirehli gəmisi ilə gecə Odessa limanına girir və rusların dəniz qoşunlarının Osmanlı donanmasını vurmağa hazırladıqları “Kazbek” və “Kaqul” adlı hərbi gəmilərini qeyri-bərabər döyüşdə məhv edib suda batırır, Odessa limanını bombardman edir. Cavad da 1912-ci ildə baş vermiş bu hadisədən ilhamlanaraq 1914-cü ildə həmin şeiri yazmışdır. Şeir Rusiyanın “Kazbek” və “Kaqul” hərbi zirehli gəmisinə meydan oxuyan məşhur “Həmidiyyə” hərbi gəmisinin və onun hərbi heyətinin qəhrəmanlığı münasibətilə qələmə alınmışdır.

Ölümə aparan yol

1937-ci ilin mart ayında Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərinin tərcüməsinə görə ilk mükafata layiq görülməsinə baxmayaraq, həmin ilin 4 iyununda şair müəllimi H.Cavid, tələbəsi M.Müşfiq və həmyerlisi V.Xuluflu ilə eyni vaxtda həbs edilib. 1937-ci ilin 5 iyununda başlanan istintaq işi həmin ilin 25 sentyabrında bitib.

1937-ci il iyunun 3-də şairin mənzilinə girib axtarış aparırlar. Əhməd Cavadın qalın bir cilddən ibarət olan şəxsi işində evini axtarış zamanı müsadirə olunan əşyalar qeyd olunmuşdur. Həmin əmlak siyahısında Məhəmməd Əmin Rəsulzadənin, Kautskinin, Buxarinin kitabları, H.Zeynallının, V.Xuluflunun bəzi əsərləri, “Türk sözü” qəzeti, özünün “Dalğa” kitabçası, 3 qeyd dəftərçəsi, 15 müxtəlif məktub, Şükriyyə xanımın qızıl bəzəkləri-yeddi qızıl beşliyi, dostlarının şairə bağışladığı iki ədəd suvenir-xəncəri göstərilir. Əhməd Cavadın 12493/24 nömrəli iş qovluğunda əllə yazılmış protokollar, şahid ifadələri, hökm, arayış, çıxarış, məktub, zəmanət, rus makinasında necə gəldi yazılmış “Göy göl” şeiri saxlanılıb.

Əhməd Cavadın ilk dindirilməsi DTK-nın IV şöbəsinin rəisi Ağasəlim Atakişiyev tərəfindən 1937-ci il iyun ayının 5-də aparılır. Şairə əksinqilabi fəaliyyəti, kimlərlə əlbir işlədiyi, Müsavat adlı qanundan kənar partiyanın üzvlüyü, hökumət əleyhinə şeirlər yazması və millətçi fəaliyyəti ilə bağlı suallar verilir. Ə.Cavad da öz növbəsində Müsavatın üzvi olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini bildirmişdi. Ə.Cavad 1937-ci il sentyabr ayının 20-də, üçüncü dindirmə zamanı Balkan müharibəsində iştirakını rəsmi şəkildə təsdiqləmişdir.

Beləliklə, SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının Səyyar Sessiyası müttəhimi Azərbaycan cinayət məcəlləsinin 69, 70 və 73-cü maddələri ilə ittiham edərək oktyabrın 11-də işə başladı. Məhkəmənin sədri İ.O.Matuleviç, üzvləri İ.M.Zaryanov və C.K.Jiqur idi. İclasda hərbi yuris A.F.Kostyuşko və SSRİ prokurorunun baş köməkçisi N.S.Rovski (Rozovski) iştirak edirdi. Lakin məhkəmədə müdafiəçilər, yəni vəkilər və şahidlər iştirak etməmişdilər. 1937-ci ildə şairə qarşı irəli sürülən saxta ittihama əsasən oktyabrın 12-də hökm oxundu. 12 oktyabrda başlanan məhkəmə cəmi 15 dəqiqə davam etdi və oktyabrın 12-dən 13-nə keçən gecə şairi güllələdilər.

1955-ci ildə SSRİ Ali Məhkəmsinin Hərbi Kollegiyasının nümayəndəsi ədliyyə polkovniki Seninin sədrliyi ilə keçən iclasda Ə.Cavadın cinayət işi ilə əlaqədar qəbul edilmiş 4P-014316 nömrəli xüsusi qərarda cinayət işinin dayandırıldığı qeyd olunurdu. Həmin qərarda cinayət işinin saxtalaşdırıldığı aşkara çıxmış, həmçinin cinayət işindən bir də o aydın olmuşdur ki, şair işgəncə altında ölməyib, o, məhkəmə qərarından sonra güllələnib. Beləliklə, 1955-ci ildə şairə bəraət verilir.

Onun həyat yoldaşı Şükriyyə xanım isə “Vətən xaininin ailə üzvü” olduğuna görə Qazaxıstana 8 il müddətində sürgün edilir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Əhməd Cavad Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına daxil edilmişdir.

www.yenicag.az

158
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100