Yalan vədlər, pafoslu şüarlarla Avropanın ərazisinə görə ikinci ən böyük dövləti olan Ukraynanı çıxılmaz fəlakətə sürükləyən kollektiv Qərb bu həftə yenidən Ukrayna müharibəsinə dair Qlobal Sülh Sammiti keçirəcək.
İsveçrədə baş tutacaq sammitdə Atom elektrik stansiyalarının (AES) və ərzaq təhlükəsizliyi, eləcə də bütün məhbusların azad edilməsi, Rusiyaya deportasiya olunmuş ukraynalı uşaqların geri qaytarılması məsələsi gündəmə gətiriləcək.
Sammitin gündəliyindən aydın olur ki, bu görüş də Rusiya-Ukrayna müharibəsinin yekun həlli və ya Rusiyaya hər hansl təsirli təzyiq göstərilməsi baxımından heç bir effekt verməyəcək. Çünki Rusiya ilə bağlı öz problemlərini Ukraynanı qurban verməklə “çürütməyə” çalışan bu Qərb dövlətləri imitasiya xarakterli sammitin gündəliyinə prezident Volodimir Zelenskinin sülh planının 10 bəndindən yalnız bir neçəsini daxil etməyə cəsarət tapıblar. Məsələn, sammitlə bağlı qəbul olunacaq yekun sənəddə Rusiya qoşunlarının işğal olunan ərazilərdən çıxarılması və Ukraynanın ərazi bütövlüyünün bərpası məsələləri ilə bağlı məqamlar nəzərdə tutulmayıb.
Digər yandan sammitə dəvətli olan Çin də daxil olmaqla, bir sıra iri və həlledici mövqeyə malik ölkələr bu konfransın işində iştirakdan imtina edib.
İsveçrə rəsmiləri konfransın ana məqsədinin gələcəkdə Rusiyanın da qatılacağı sülh danışıqlarının əsasını qoymaq olduğunu bildirsə də, mövcud reallıqlar və sammitin formatı bunun mümkün olmayacağını düşünməyə əsas verir. Çünki sammitə qatılacaq əksər dövlətlər Rusiyaya qarşı açıq formada birtərəfli mövqe tutan, prosesdə yalnız federasiyanı ittiham edən tərəfdən çıxış edən ölkələrdir. Eyni zamanda bu dövlətlərin əksəriyyətinin Ukraynaya Rusiyaya qarşı verilən silahlardan istifadəyə razılıq vermiş ölkələr olduğunu nəzərə alsaq, Rusiyanın bu formatlı danışıqlar masasına isti baxmayacağı indidən bəlli olur.
Sammitlə bağlı yayılan məlumatlardan həm də o aydın olur ki, İsveçrə konfransı gələcək “iqtisadi imkanlar torunu”, eyni zamanda, artıq bir müddətdir ki, müzakirə mövzusuna çevrilmiş Rusiyanın dondurulmuş aktivlərinin gəlirləri ilə bağlı məsələləri də öz gündəliyinə daxil edib. Sammitin gündəliyindəki bu məqam xüsusi diqqət çəkir və Qərbin fəlakətə sürüklənmiş Ukrayna üzərindən yalnız siyasi-hərbi deyil, həm də iqtisadi maraqlarını təmin etməyə, böyük pulları bölüşdürməyə çalışdığı aydın görünür.
Keçiriləcək bu foruma müəyyən Qərb dövlətlərindən başqa, digər ölkələrin ciddi maraq göstərməməsi də təsadüfi deyil. Çünki, hər kəsə yaxşı bəllidir ki, keçirilən bu formatlı sammitlər Ukraynanı qorumağa deyil, kollektiv Qərbin hərbi-siyasi maraqlarını, iqtisadi ehtiyaclarını ödəməyə hesablanıb.
Əgər belə olmasa idi, Rusiya-Ukrayna müharibəsinin həlli, Ukraynada işğala və insan ölümlərinə son qoyulması üçün mütəmadi olaraq “vasitəçi” rolunda çıxış edən bu ölkələr eyni həssasiyyəti torpaqları 30 il işğalda qalan, insanları soyqrımlara məruz qalan Azərbaycana münasibətdə də göstərərdilər. Ancaq bu dövlətlər 30 il ərzində Ermənistanın işğalını durmaq üçün nəinki belə tədbir və konfranslar keçirdilər, əksinə işğalçı ölkəni dəstəkləmək üçün nə mümkündürsı etdilər. Və bu proses bu gün də davam edir… Azərbaycan isə özü öz taleyini həll etdi!
Şübhəsiz ki, bu proseslərdə uduzan tərəf Qərbin tələsinin qurbanı olan Ukrayna dövləti və günahsız ukrayna xalqıdır…
Fərid Şahbazlı
www.yenicag.az