Samvel Şahramanyanın qondarma “Dağlıq Qarabağ” rejiminin ləğvi ilə bağlı qərarına qarşı çıxması bu gün yenə Ermənistanda gündəm məsələlərdən biri olub.
Mənə elə gəlir ki, onun bu avantürist fikirləri bir neçə əsas amillərlə izah edilə bilər.
Fikrimcə, Şahramanyanın bu addımında daxili təzyiqlərin rolu böyükdür. Qarabağdakı separatçı rejimin liderləri və bəzi yerli qruplar bu qərara qarşı çıxaraq, öz maraqlarını qorumağa çalışırlar. Bu maraqların içində bölgədəki status-kvonu saxlamaq və separatçı qurumun məhv olmasının qarşısını almaq da yer alır. Amma onlar anlamırlar ki, artıq it də gedib, ip də…
Ayrıca, Şahramanyanın ləğv qərarına zidd hərəkəti həm də onun ictimai rəy və beynəlxalq təzyiqlərə uyğun davranmaq istəyindən irəli gələ bilər. Yəni beynəlxalq səviyyədə Ermənistanın və onun dəstəklədiyi qondarma rejimin mövqeləri zəiflədikcə, Şahramanyan bu qərarın yerinə yetirilməsinə qarşı çıxaraq, Ermənistanın dəstəyini bir növ saxlamaq niyyətindədir. Lakin sözügedən məsələdə reallıq budur ki, Paşinyan hakimiyyəti və Ermənistanın siyasi kuluarlarındakı hakim düşərgə üzvləri separatçılara münasibətdə heç də birmənalı deyillər.
Ermənistan və Qarabağdakı separatçı rejim arasında olan münasibətlər, bir tərəfdən, Ermənistanın mərkəzi hökumətinin mövqeyinə uyğunlaşdırılmağa çalışılsa da, digər tərəfdən, yerli liderlərin öz maraqlarını qorumaq üçün reallığı qəbul etməkdən imtina etməsi ilə xarakterizə olunur. Bu kontekstdə Şahramanyanın addımı həm də siyasi oyun və manevr olaraq qiymətləndirilə bilər. Doğrudur, o nə qədər bu avantürist hərəkətlərini davam etdirsə də, rəsmi İrəvanın qondarma “Artsax” üzvlərinə qarşı olan mövqeyi birmənalıdır.
Bundan əlavə, 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar fonunda Şahramanyanın addımı Qarabağ ermənilərinin ümidsizliyini və özlərini təcrid olunmuş hiss etmələrini əks etdirə bilər. Lakin bu addım reallıqların dəyişməsinə təsir etməyəcək, çünki beynəlxalq hüquq baxımından Qarabağ Azərbaycanın ayrılmaz hissəsi olaraq tanınır. Hətta Ermənistan belə indiki vəziyyətdə – konstitusiya və digər hüquqi normativ aktlarda Azərbaycan və Türkiyəyə ərazi iddialarının kağız üzərində yer almasına baxmayaraq, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edib. Daha doğrusu, bunu etməkdən başqa çarəsi olmayıb.
Qısacası, anladığım budur ki, bu səbəblərin birləşməsi Samvel Şahramanyanın qondarma rejimin ləğvi ilə bağlı qərara və imzasına naxələf çıxmasına səbəb olan əsas amildir. Uzun müddətdir öz “qabığına” çəkilən Şahramanyanın bu gün – qondarma rejimin əldəqayırma “müstəqillik” günündə yenə də eyni sözləri tutuquşu kimi təkrarlaması onu göstərir ki, bütün gücü tükənmiş separatçılar adətləri üzrə eyni mövzuların ətəyindən yapışmağa davam edirlər.
www.yenicag.az