İtkin düşən iş adamı ilə bərabər, nəhəng timsahın mədəsindən 6 ədəd insan tərliyi tapıldı
Mədəsindən 6 ədəd tərlik çıxan yırtıcıya görə bütün itkin düşənlərin dosyaları yenidən araşdırılacaq.
Yenicag.az xəbər verir ki, Cənubi Afrikanın Mpumalanga əyalətində sel fəlakətindən sonra aparılan axtarışlar gözlənilməz və dəhşətli faktın üzə çıxmasına səbəb olub. Komati çayında itkin düşən iş adamını axtaran xilasedicilər, bölgədəki nəhəng timsahı zərərsizləşdirdikdən sonra vahiməli mənzərə ilə qarşılaşıblar.
Ötən həftə bölgəni ağuşuna alan leysan yağışlar nəticəsində Komati çayı daşıb. 59 yaşlı iş adamı Qabriel Batista avtomobili ilə su altında qalmış körpüdən keçməyə çalışarkən sel sularına qərq olub. Hadisə yerində dərhal genişmiqyaslı axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Axtarışlar zamanı suyun kənarında hərəkətsiz və qarnı qeyri-təbii dərəcədə şişmiş halda görünən, uzunluğu 4,5 metr, çəkisi isə 500 kiloqram olan timsah şübhə doğurub. Yırtıcı öldürüldükdən sonra daxili orqanları müayinə edilərkən ordan insan qalıqları ilə yanaşı, tam 6 ədəd tərlik çıxıb.
Polis rəsmiləri tapılan qalıqların Batistaya aid olub-olmadığını DNT testi ilə dəqiqləşdirəcək. Lakin müxtəlif insanlara aid olduğu təxmin edilən tərliklər səbəbindən hüquq-mühafizə orqanları son illərin bütün “itkin düşmüş şəxslər” dosyasını yenidən açmaq qərarına gəlib.
Hazırda polis tapılan əşyaların kimliyini müəyyən etmək üçün itkin ailələri ilə təmas qurur. Hadisə ölkədə böyük rezonans doğurub.
Yenicag.az













