Jurnalistlər sərhədyanı məktəblərdə
Bu gün Təhsil və Müdafiə nazirliklərinin birgə təşkil etdiyi səfər çərçivəsində KİV nümayəndələri Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəblərində dərs prosesini izləyib, müəllim, şagird və kənd sakinləri ilə görüşüblər.
İki günlük səfər çərçivəsində 30-dan çox KİV nümayəndəsi Tovuz rayonunun Hacallı, Qazax rayonunun Aslanbəyli və Çaylı kənd tam orta məktəbləri ilə tanış olub, bölgədəki hərbi hissələrin birində əsgər və zabitlərlə görüşüblər. Səfərin təşkilində məqsəd ölkəmizdə informasiya təhlükəsizliyinin qorunması və ictimaiyyətin düzgün məlumatlandırılması işində kütləvi informasiya vasitələrinə şərait yaratmaqdan ibarətdir.
İlk öncə KİV nümayəndələri Aslanbəyli kəndində olublar. 2013-cü ildə qəhrəmancasına həlak olmuş gənc pilot Yaşar Əhmədovun qəbrini ziyarət ediblər. Sonra qonaqlar Ermənistanla sərhəddə yerləşən Aslanbəyli kənd tam orta məktəbində Gənclərin çağırışaqədərki hazırlığı dərslərini izləyiblər. Şagirdlər hərbi avadanlıq və silah-sursatla davranış bacarıqlarını nümayiş etdiriblər. (qafqazinfo.az)