Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Jurnalistlər üçün VAHİD VƏSİQƏ: “Açıq qalan xeyli sual var” - Qulu Məhərrəmli

“Dünyanın heç bir ölkəsində sürücülük vəsiqəsinə oxşayan vahid vəsiqə sistemi kimi bir praktika yoxdur”.

Bunu jurnalistlərə vahid vəsiqənin verilməsi ilə bağlı geniş müzakirələrə səbəb olan təklifə münasibət bildirən professor Qulu Məhərrəmli Yenicag.az-a açıqlamasında deyib.

Professorun sözlərinə görə, jurnalistlərə vahid vəsiqənin verilməsində əsas məqsəd medianın inkişafıdırsa, bu, müsbət hal sayıla bilər. Lakin sözügedən təklif bir sıra məsələlərdə məhdudlaşdırıcı təsirə malik olmamalıdır:

“Ölkədə jurnalistlərin hər birinə standart vəsiqənin verilməsi ilə bağlı ideya birmənalı qarşılanmır. Çünki bu məsələyə fərqli aspektlərdən yanaşmaq mümkündür. Əgər məqsəd hər kəsin bu sferaya sızmaması və media adından sui-istifadə hallarının qarşısını almaq üçündürsə, əlbəttə ki, burada müəyyən müsbət nüanslar var.

Lakin demək olar ki, dünyanın heç bir ölkəsində sürücülük vəsiqəsinə oxşayan vahid vəsiqə sistemi kimi bir praktika yoxdur. Son vaxtlara qədər qardaş Türkiyədə sarı kart anlayışı mövcud idi. Ancaq bu kart jurnalistlərə müəyyən üstünlüklər verirdi. Məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə etmək olurdu və ya hansısa situasiyada müəyyən imtiyazlara sahib olmaq imkanları vardı”.

Qulu Məhərrəmli qeyd edib ki, ölkəmizdə yalnız işləyən jurnalistlərə vahid vəsiqənin verilməsi ilə bağlı məsələ bəzi suallar doğurur:

“İlk növbədə, həmin vəsiqənin kimə veriləcəyi maraq doğurur.

İkincisi, heç bir media qurumunda çalışmayan müstəqil jurnalistlər var. Bu jurnalistlər yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirirlər. Bu şəxslərə vahid vəsiqənin verilib-verilməyəcəyi dəqiq məlum deyil.

Üçüncüsü, vahid vəsiqənin əleyhinə olan şəxslərdir. Bu şəxslər belə bir arqument irəli sürə bilərlər ki, vahid vəsiqə bir növ jurnalistika fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya rolunu oynayır.

Yəni vəsiqən varsa, jurnalistika ilə məşğul ola bilərsən. Bundan başqa, bloqerlər var. Onların çoxu informasiya yayımı və araşdırma işləri ilə məşğul olurlar. UNESCO-nun təsbitinə görə, bloqerlik də jurnalistika fəaliyyəti sayılır. Bloqerlərə vahid vəsiqənin verilib-verilməməsi də açıq qalan məsələdir.

Medianın İnkişafı Agentliyinin jurnalistika sahəsində müəyyən qayda və nizamlama yaratmağa çalışması təqdirəlayiqdir. Ancaq atılan addımlar heç bir halda mətbuat azadlığının məhdudlaşdırılmasına yönəlməməlidir”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

1208
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100