Kafe və restoranlara CƏRİMƏ GƏLİR?: Menyuda olmayan ödənişlər qanunsuzdur
“Qiymətdən əlavə ödəniş tələb olunursa, bu, qanunvericiliyə ziddir.”
Bunu Yenicag.az-a açıqlamasında Ramil Süleymanov deyib.

O, kafe və restoranlarda tətbiq olunan əlavə ödənişlərlə bağlı istehlakçı hüquqlarına aydınlıq gətirib.
Hüquqşünasın sözlərinə görə, müəssisələr tərəfindən təqdim olunan məhsul və xidmətlərin qiyməti mütləq şəkildə menyuda və ya qiymət cədvəlində qeyd olunmalıdır.
“Menyuda göstərilməyən əlavə xidmət haqlarının tələb olunması istehlakçı hüquqlarının pozulması deməkdir və bu hal Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən cərimə ilə nəticələnə bilər. Əgər müəssisə servis haqqı tətbiq edirsə, bu barədə əvvəlcədən açıq şəkildə məlumat verilməlidir. Belə olduqda, istehlakçı həmin ödənişi etməyə borcludur. Servis haqqı əvvəlcədən göstərilməyibsə, təqdim edilən çekdə bu məbləğin yazılması qanunvericiliyə uyğun deyil və belə hallara yol verən obyektlər məsuliyyət daşıyır,” – deyə o qeyd edib.
Bundan başqa, hüquqşünas istehlakçılara tövsiyə edib ki, hüquqları pozulduğu halda Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət etməklə həm hüquqlarının bərpasına, həm də dəymiş zərərin ödənilməsinə nail ola bilərlər.
Samir Məcidov












