Kann festivalının filmləri Bakıda
Oktyabrın 24-də Heydər Əliyev Mərkəzində “Buta” İncəsənət Mərkəzi tərəfindən “Film Delicatessen” çərçivəsində 67-ci Kann kinofestivalının əsas proqramının 8 qısa filmi, o cümlədən Azərbaycan istehsalı olan “Sonuncu” (“The Last one”) filminin premyera nümayişi təqdim edilib.
Sonra “Execution” (Macarıstan-Rumıniya), “Yes we love” (Norveç), “The invisible spaces” (Gürcüstan), “Aissa” (Fransa), “Leidi” (Böyük Britaniya-Kolumbiya), “Crocodile” (Böyük Britaniya), “Skunk” (ABŞ), “Sonuncu” (“The Last one” Rusiya-Azərbaycan) qısametrajlı filmləri nümayiş etdirilib.
Ümumilikdə 128 ölkədən 3450 filmin göndərildiyi 67-ci Kann kinofestivalı Azərbaycan üçün xüsusilə əlamətdar olub. Tarixdə ilk dəfə Rusiya-Azərbaycan komandasının prodüserləşdirdiyi film Kann festivalının əsas müsabiqə proqramına daxil edilib. “Buta Films” şirkəti və Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının birgə istehsalı olan “Sonuncu”nun fəlsəfi mahiyyəti xarici peşəkarların ən yüksək qiymətlərinə layiq görülüb və nəhayət, öz vətənində də tamaşaçısını tapıb.
80-dən çox film və dövri verilişlər çəkmiş və efirə təqdim etmiş, sənədli film sahəsində formalaşmış peşəkarlar ilk dəfə öz güclərini bədii filmdə sınayıblar və dərhal da Kann kinofestivalının iştirakçısı olublar.
“Buta films” kino şirkəti – “Buta” İncəsənət Mərkəzinin fəaliyyət istiqamətlərindən biridir. Bu, Azərbaycan mədəniyyətinin bütün dünyada populyarlaşdırılmasını özləri üçün prioritet məsələ hesab edən peşəkarlardan ibarət yaradıcı məsləkdaşlar komandasıdır.
Cari ilin may ayından etibarən “Sonuncu” filmi planetin böyük festivallarında iştirak edir. San-Paoloda (Braziliya) keçirilmiş qısametrajlı filmlərin beynəlxalq kinofestivalında “Sonuncu” 2014-cü ilin ən yaxşı debüt filmi olaraq SESc TV tərəfindən təltif olunub. (qafqazinfo.az)