Kənd məktəblərindəki müəllimlərin ACINACAQLI HALI: “Maddi sıxıntı çəkməmək üçün…”

“Hazırda ucqar kəndlərdə müəllim üçün ödənilən məvacib ancaq kommunal xərcləri qarşılaya bilər”.

Bunu kənd məktəblərində işləyən müəllimlərə ödənilən kirayə haqqının 60 manatdan 90 manata qaldırılmasına münasibət bildirən təhsil eksperti Adil Vəliyev Yenicag.az-a açıqlamasında deyib.

Ekspertə görə, kənd yerlərində çalışan müəllimlərin sosial rifahının yaxşılaşdırılması üçün aidiyyatı qurumlar ciddi addımlar atmalıdır:

“Doğrudur, sin dövrlərfə müəllimlər üçün bəzi imtiyazlar nəzərə tutulur və güzəştlər edilir. Ancaq övladlarımızı kiçik yaşlarından etibar etdiyimiz bu insanlar üçün nəzərdə tutulandan daha çox güzəşt edilməli və onların maddi rifahı yaxşılaşdırılmalıdır.

Bəzi inkişaf etmiş ölkələrə nəzər salsaq, görərik ki, ən çox maaş alan məhz müəllim və həkimlərdir. Ancaq ölkəmizdə müəllim maddi cəhətdən sıxıntı çəkməmək üçün kurslarda işləyir və ya repetitorluqla məşğul olur. Əslində, müəllim ştatı üzrə işləməli, asudə vaxtlarında ixtisası üzrə özünü inkişaf etdirməlidir. Son zamanlar gənclərin müəllimlik ixtisasını seçməsi gələcəyə ümid yaratsa da, Təhsil Nazirliyi və digər qurumlar bu peşəyə olan sevgini daha da artırmalıdır.

Təəssüf ki, müəllim kimi işləmək istəyən gənc nəslin çox az hissəsi ucqar kəndlərdəki məktəblərə üz tutur. Çünki ucqar rayonlara, kəndlərə təyinat verildikdən sonra təyinat verən orqanlar müəllimin vəziyyəti ilə, demək olar ki, çox az maraqlanır. Əgər müəllim öz ailəsindən və sevdiklərindən uzaq bir yerdə fəaliyyətini davam etdirirsə, onun maddi cəhətdən çətinlikləri olmalı deyil. Ucqar kənd məktəblərində işləyən müəllimlərin kirayə, kommunal və ictimai nəqliyyatdan istifadə kimi xərc problemləri olmamalıdır. Bu xərcləri Təhsil Nazirliyi qarşılamalı və ya müəllimin maaşından başqa xərclər üçün əlavə məbləğ ödənilməlidir. Çox təəssüf ki, hazırda ucqar kəndlərdə müəllim üçün ödənilən məvacib ancaq kommunal xərcləri qarşılaya bilər. Gələcəyimizi etibar etdiyimiz müəllimlərimiz üçün ediləcək güzəştlər və müəyyən ediləcək əməkhaqqına təkrar baxılmalı, onların sosial rifahının yaxşılaşdırılması üçün müəyyən addımlar atılmalıdır”.

Gülşən Şərif