Reklam: High Technic
hightechnic

Kərkük Hava Limanından kənarda qalan türkman deputatlar - Şəmsəddin Kuzəçi şərhi

Dünən Kərkük hava limanının açılışı olub.

İlk təyyarə paytaxt Bağdaddan Kərkük hava limanına enib. Maraqlısı ondadır ki, Kərkükdə hava limanının açılışında heç bir türkman deputat iştirak etməyib.

Məsələ ilə bağlı İraq Türkman Jurnalistlər Cəmiyyətinin sədri, İraq türkmanlarının liderlərindən olan Şəmsəddin Kuzəçi Yenicag.az-a danışıb.

İraq türkmanlarının lideri bildirib ki, türkmanlar bu günü 4 il idi ki gözləyirdi:

“4 il idi ki, hava limanının açılmasını gözləyirdik. Ötən il türkman millət vəkili Niyazi Mimaroğlu baş nazirlə görüşmüşdü və baş nazir bildirmişdi ki, 2018-ci il sentyabr ayında hava limanı açılacaq. Baş nazirin dediyi oldu. Əslində 1 ay əvvəl hava limanı açılacaqdı. Sadəcə, terror və təxribatlardan qorxaraq hava limanının açılış vaxtını bir ay sonraya təxirə saldılar. Ancaq hava limanının daha əvvəl açılmamasının səbəbi sabiq Kərkük valisi, əslən kürd olan Nəcməddin Kərim idi. Hazırda o axtarışdadır. O, hava limanının açılmasını əngəlləyirdi. Səbəbi də Ərbil və Süleymaniyədə – iki kürd bölgəsində hava limanlarının passiv hala gəlməməsi idi. Kərkük hava limanı açıldığı üçün artıq Kərkük və ətrafdakı türkman bölgəsində yaşayan türkmanlar bu hava limanından istifadə edəcəklər. Kərkükdə hava limanı açılmaqla Ərbil və Süleymaniyə hava limanına gedənlərin sayında 50% azalma olacaq.

Kərkükdə hava limanının açılması Kərkükün iqtisadiyyatının yaxşılaşmasına səbəb olacaq və şəhərimiz inkişaf edəcək”.

Hava limanının açılışında hansısa türkman millət vəkilinin olmaması haqqında Şəmsəddin Kuzəçi bunları deyib:

“Bağdaddan gələn ilk təyyarədə heç bir türkman millət vəkilinin olmaması bizi üzdü. Ancaq Kərkükdə olan millət vəkilləri və şəhər məclisinin nümayəndələri açılışda iştirak etdilər. Çox istərdik ki, Bağdaddan gələn təyyarədə türkman millət vəkilləri də olsun. Bunların olmadığı üçün türkman xalqı üzüntü içərisindədir. Ancaq önəmli olan Kərkükdə hava limanının açılmasıdır. Bundan sonra ticarət adamları, iş adamları, Kərkükü ziyarət etmək istəyən şəxslər bura daha rahat gələcəklər”.

Sonda Şəmsəddin Kuzəçi bildirib ki, Azərbaycandan da Kərkükə təyyarənin enməsini arzulayırlar.

Səxavət Məmməd

www.yenicag.az

591