“Keşlə” “Neftçi”yə qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Yenicag.az xəbər verir ki, “Zəfər turu”nda günün ikinci matçı “Keşlə” və “Neftçi” komandaları arasında olub. “ASK Arena”dakı qarşılaşma meydan sahiblərinin əzmkar qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 11-ci dəqiqədə flaqmanın hücumçusu Tiaqo Bezerra açıb. Braziliyalı forvard 35-ci dəqiqədə 2-ci topu meydan sahiblərinin qapısından keçirib. “Keşlə” 42-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çıxıb. Felipe Santos penaltidən fərqlənib. 49-cu dəqiqədə Rəhman Hacıyev baxımlı qolla hesabı bərabərləşdirib. Son nöqtəni isə 88-ci dəqiqədə Anatol Abanq qoyub.

Bu nəticədən sonra “Neftçi” 17 xalla 2-ci pillədəki yerini qoruyub. Xallarını 10-a çatdıran “Keşlə” isə 6-cı sırada qərarlaşıb.

Qeyd edək ki, turun açılış oyununda “Sabah” evdə “Zirə” ilə 3:3 hesablı heç-heçə edib. Tura noyabrın 7-də keçiriləcək “Səbail” – “Qəbələ” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə yekun vurulacaq.