KMP sığorta ilə bağlı qərar qəbul etdi
Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Yenicag.az-a bildirilib ki, məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü, 377.1-ci və 379-cu maddələri baxımından şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsi Plenumu iş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlər Bakı Apellyasiya Məhkəməsinin müraciətini və Milli Məclis Aparatının mülahizəsini, Mərkəzi Bankın, Sumqayıt Apellyasiya Məhkəməsinin və Vəkillər Kollegiyasının mütəxəssis mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, sığorta ödənişi ilə bağlı tələblər üzrə iddia müddətinin axımı sığortalının (və ya faydalanan şəxsin) sığortaçının sığorta ödənişini etməkdən imtina etməsini bildiyi (bilməli olduğu), sığorta ödənişinin miqdarı ilə razılaşmadığı halda sığorta ödənişinin həyata keçirildiyi, habelə sığorta ödənişi həyata keçirilməməklə yanaşı, sığorta ödənişindən imtina haqqında bildiriş verilmədikdə sığortaçının öhdəliyinin icra müddəti (“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 18.1-ci maddəsi ilə nəzərdə tutulmuş müddət) bitdiyi andan başlayır.
Daşınmaz əmlakın icbari sığortası üzrə sığorta hadisələrinə münasibətdə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.4-cü maddəsində nəzərdə tutulmuş “arayış” səlahiyyətli orqanın həmin hadisə ilə əlaqəli inzibati xətalar və ya cinayət işi üzrə təqsiri müəyyənləşdirən qərarını ehtiva etmir.
Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.