“Bir neçə kollec orta məktəblərdə 9 illik təhsildən sonra qəbul olunacaq tələbələr üçün təhsil haqlarını artırıb”.
Bu barədə Yenicag.az-a təhsil eksperti Elçin Əfəndi məlumat verib.
Elçin Əfəndi qeyd edib ki, mövcud pandemiya dövrü və karantin rejimində təhsil haqlarında endirim etmək əvəzinə, o məbləğin artırılması heç də doğru addım deyil:
“Dövlət kolleclərinə nəzər saldıqda, Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda, bu il həmin məbləğin 900 manata qaldırıldığını görürük.
Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 500 manat olduğu halda bu il 600 manat, Bakı Qida Sənaye Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600 manat olduğu halda bu il 800 manat, Azərbaycan Texiniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda, bu il 800 manat, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 700 manat olduğu halda, bu il 800 manat təşkil edib”.
Ekspert vurğulayıb ki, təhsil haqlarında qeydə alınan artım özəl kolleclər üzrə də müşahidə olunub:
“Bakı Biznes və Kooperasiya Kollecinin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 950 manat olduğu halda, bu il 1100 manat, Qərbi Kaspi Universitinin nəzdində olan Kollecin ixtisasları üzrə 2019-cu ildə illik təhsil haqları 600-700 manat olduğu halda, bu il 890-1190 manat olub”.
Gülşən Şərif