İran üçün SEÇİM ANI: Ya ağır şərtlərlə razılaşma, ya da dağıdıcı müharibə
Yaxın Şərqin təhlükəsizlik sistemi indiyədək görünməmiş dərin bir uçurumun kənarındadır. ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında Vaşinqton İranı ya genişmiqyaslı razılaşmaya məcbur etmək, ya da 2025-ci ilin iyununda baş verən müharibədən belə daha dağıdıcı zərbələr endirmək məqsədilə “USS Abraham Lincoln” aviadaşıyıcısının başçılığı ilə Körfəzə böyük hərbi qüvvə yığır. Bu fonda İran rejimi ikiqat varlıq böhranı ilə üz-üzədir: bir tərəfdən qarşısını ala bilməyəcəyi hərbi təhdid, digər tərəfdən isə iqtisadi narazılıqlardan qaynaqlanan daxili üsyan və onun zorla yatırılması.
Bu mürəkkəb mənzərədə İsveçrədən başlayan və Qətərin də qoşulduğu müxtəlif vasitəçilik cəhdləri ortaya çıxıb. Oman isə ən azı müvəqqəti olaraq vəziyyəti nəzarətdə saxlaya biləcək danışıqlar üçün səssiz, arxa kanal rolunu davam etdirir.
Səssiz davam edən danışıqlar
Danışıqlar barədə məlumatlı olan iranlı mənbənin sözlərinə görə, təhdidlərin ən yüksək həddə çatdığı dövrlərdə belə bir neçə danışıqlar kanalı gizli şəkildə işləyib. Mənbə bildirir ki, vəziyyət açıq toqquşmaya doğru gedirmiş kimi görünsə də, Vaşinqtonla əlaqələr heç vaxt tam kəsilməyib.
İsrail üçün isə tablo bir qədər fərqlidir. Son iki ildə İsrail gələcəkdə təhlükə yarada biləcək tərəfləri qabaqcadan hədəf almağa əsaslanan “silahlı gözləmə” strategiyası yürüdür. 2025-ci ilin iyununda İranın imkanlarının mühüm hissəsi məhv edildikdən sonra, Qüdsdəki bir ərəb mənbənin sözlərinə görə, Təl-Əviv Tehranın danışıqları siyasi manevr kimi istifadə etdiyinə inanır.
İsrailə görə, İranın iqtisadi çöküşü və etiraz dalğası fonunda ən təhlükəli hesab edilən ballistik raket proqramının sürətlə məhv edilməsi zəruridir. Bu yanaşma Tramp və onun komandasının mövqeyi ilə ziddiyyət təşkil edir. Ağ Ev hesab edir ki, sanksiyaların təsiri, etirazlar və dialoqla birlikdə maksimum siyasi təzyiq bu mərhələdə hərbi hücumdan daha məqsədəuyğundur.
İranın İsveçrə kanalı
İranlı mənbə isə danışıqların siyasi oyun deyil, İranın hər an hücuma məruz qala biləcəyi qorxusu fonunda başlayan real proses olduğunu deyir. Onun fikrincə, ABŞ-nin hərbi zərbə hədəsi sadəcə təzyiq alətidir və Trampın Tehrana açıq təhdidlərdən sonra geri çəkilməsi də bunu sübut edir.
Bu prosesdə ən mühüm kanal Tehranda ABŞ-nin diplomatik maraqlarını təmsil edən İsveçrə səfirliyidir. Tərəflər arasında məsləhətlər, təkliflər və təcili mesajlar, əsasən, bu səfirlik vasitəsilə ötürülür. Bundan əlavə, BMT və müxtəlif maraq ofisləri üzərindən daha zəif kanallar da mövcuddur.
Hazırkı mərhələ, əsasən, İsveçrənin əsas, Qətərin detallarda, Omanın isə strateji arxa planda rol aldığı, qarşılıqlı niyyətlərin yoxlanılması prosesidir.
Qətər və Omanın prosesdəki fərqli rolları
İranlı mənbənin sözlərinə görə, hazırda ən aktiv vasitəçi Qətərdir. Xüsusilə proses çətinləşəndə və ya həssas məqamlar tez həll edilməli olduqda Qətər önə çıxır. Qətər Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhmanın Tehrana səfəri də məhz bu məqsədlə həyata keçirilib.
Omanın rolu isə daha fərqlidir. O, gündəlik detallı danışıqlardan çox, gərginlik yüksəldiyi halda, vəziyyəti idarə etməyə yönəlmiş uzunmüddətli strateji çərçivə təqdim edir. Bu yanaşma Omanın keçmişdə həssas nüvə danışıqlarında oynadığı rola əsaslanır.
Körfəz ölkələrinin narahatlığının əsl səbəbi
Regionda bir neçə tərəfin fəallığı müharibənin qarşısını almağa yönəlib. Körfəz ölkələrinin bir qismi birbaşa vasitəçilik etməsə də, müharibənin ağır nəticələri barədə xəbərdarlıqlar edirlər. Əsas narahatlıq qlobal iqtisadiyyatla bağlıdır. Çünki müharibə neft qiymətlərinin rekord səviyyəyə qalxmasına, dəniz yollarının bağlanmasına, enerji və nəqliyyatın iflic olmasına səbəb ola bilər. Bu isə ABŞ, Çin, Avropa və İran daxil olmaqla hamıya təsir edəcək.
Trampın müharibəni sərfəli seçim kimi görmədiyi açıqdır. O, daha az xərcli və uzunmüddətli təsirə malik sanksiyalar siyasətinə üstünlük verir. Hərbi qarşıdurma isə böyük itkilərə və beynəlxalq miqyasda ciddi sarsıntılara yol aça bilər.
Əslində, nə müzakirə olunur?
Danışıqlar hələ də ümumi çərçivənin müəyyənləşdirilməsi mərhələsindədir. Məlumata görə, Qətər xarici işlər nazirinin səfərinin məqsədi İranı nüvə proqramından tutmuş ballistik raketlərə və regional silahlı qruplara qədər bütün mübahisəli mövzular üzrə paralel danışıqlara razı salmaq olub.
Trampın təklif etdiyi razılaşma İran rejiminə iki sərt seçim təqdim edir: müharibə və ya regiondakı silahlı qruplar vasitəsilə “inqilab ixracından” imtina etmək, zənginləşdirilmiş uranı təhvil vermək, ballistik raket və pilotsuz uçuş aparatlarının istehsalını dayandırmaq.
İranlı mənbə bildirir ki, alternativlər arasında ABŞ-nin İranın zənginləşdirmə hüququnu tanıması və etimad quruculuğu məqsədilə müvəqqəti dondurma mexanizmləri də var. Raket məsələsi isə tam ləğv deyil, nəzarət və zəmanətlər çərçivəsində müzakirə olunur.
İran daxilində dərinləşən parçalanma
İranda bu proses fonunda hakimiyyət daxilində ciddi fikir ayrılığı açıq şəkildə üzə çıxır. Prezident Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi tərəfindən təmsil olunan islahatçı düşərgə hesab edir ki, mövcud iqtisadi vəziyyət davamlı deyil. Onların fikrincə, sanksiyaların qaldırılması, iqtisadiyyatın nəfəs alması və sosial narazılıqların yumşaldılması üçün müəyyən siyasi və təhlükəsizlik güzəştləri qaçılmazdır. Bu düşərgə düşünür ki, rejimin tam çökməsinin qarşısını almağın yeganə yolu beynəlxalq təcriddən çıxmaq və Qərblə nəzarətli razılaşmaya getməkdir.
Digər tərəfdə isə sərt xətt tərəfdarları dayanır. İnqilab Keşikçiləri və ali dini lider Əli Xameneiyə yaxın çevrələr bu yanaşmanı açıq şəkildə “strateji intihar” adlandırırlar. Onların qənaətinə görə, nüvə proqramı, ballistik raketlər və regiondakı təsir imkanları İranın əsas çəkindirici gücüdür. Bu rıçaqlardan imtina etmək rejimi həm xarici təzyiqlər qarşısında müdafiəsiz qoyar, həm də daxildə güc balansını pozar.
Sərt xətt tərəfdarları hesab edir ki, güzəştlər nəinki təhlükəni azaldacaq, əksinə, rejimin zəifliyini nümayiş etdirəcək və yeni təzyiqlərə yol açacaq. Onların fikrincə, bu proses İranın regional mövqeyinin aşınmasına, nüfuzunun azalmasına və uzunmüddətli perspektivdə daxildən dağılma riskinin artmasına səbəb ola bilər.
Nəticə etibarilə, İran daxilindəki bu parçalanma təkcə siyasi fikir ayrılığı deyil, rejimin gələcək yolunu müəyyənləşdirən taleyüklü seçimdir. Bir tərəf iqtisadi xilas və daxili sabitlik naminə güzəştləri qaçılmaz sayır, digər tərəf isə bunu dövlətin dayaqlarını sarsıdan təhlükəli addım kimi görür. Bu ziddiyyətlərin necə həll olunacağı, həm danışıqların taleyini, həm də regionda mümkün qarşıdurmanın miqyasını müəyyən edəcək.
Aqil Ələsgər












