Kommunal xidmət özəlləşdirilməlidir(?)
Rəşad Həsənov: “Kommunal xidmətdə özəlləşmənin gecikməsi müəyyən dövlət qurumlarının buradakı maraqlarından qaynaqlanan problemdir”
İlqar Hüseynli: “Məsələ mübahisəli qaldığından…”
Azərbaycanda kommunal xidmət sahələrinin özəlləşdirilməsi vaxtaşırı gündəmə gəlsə də, bu günə qədər məsələ reallaşmayıb. Halbuki dünya ölkələrinin əksəriyyətində kommunal xidmətlərlə özəl şirkətlər məşğuldur. Qeyd edək ki, kommunal xidmtlərə içməli su, tullantı suları, enerji, qaz, mənzil haqqı, lift, zibil pulu daxildir.
Görəsən, kommunal xidmətin özəlləşdirilməsi məsələsi niyə gecikir?
Yenicag.az-a açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov bildirdi ki, gecikmə müxtəlif səbəblərdən qaynaqlanır: “Kommunal xidmətlər sektorunda fəaliyyət göstərən bir çox şirkətlərin daha aşağı səviyyəli xidmətləri və onların bir çox hallarda dövlət büdcəsinə əlavə yük olmaları, bəzən vergi ödənişlərilə bağlı qeyri-müəyyən statistika sektorun daimi olaraq özəl qurumlar tərəfindən idarə olunmasını gündəmə gətirən əsas amillərdəndir. Azərbaycanın bu istiqamətdə müəyyən təcrübəsi də vardır. Məsələn, Bakı və Abşeron yarımadası üzrə elektrik enerjisi satışının “Barmek”ə təhvil verilməsi və onun tərəfindən idarə olunma göstərdi ki, özəl sektorun bu məsələlərə qarışması və burada fəaliyyət göstərməsi nəticəsində ciddi uğurlar əldə etmək mümkündür. Nəticədə, elektrik enerjisinin ötürülməsi, o cümlədən enerji xidməti əvəzində yığımların kəskin şəkildə artırılmasında ciddi uğur əldə olundu. Sonradan bu proses müəyyən səbəblərdən dayandırıldı. Dünya praktikası da onu göstərir ki, kommunal xidmətlər sektoruna nə qədər ki, özəl biznes cəlb olunmayıb, bu sahədə ciddi uğurlardan danışmağa dəyməz. Ona görə də sektorun özəlləşdirilməsi və buradakı iştirakçıların sayının artırılması ölkədə kommunal xidmət sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına gətirib çıxara bilər. Həmin addımın atılması dövlət büdcəsinin yükünü də azaldar. Eyni zamanda, özəl sektor vasitəsilə bu sahədə vergi yığımında uğurlu nəticələr əldə etmək mümkündür. Hazırda isə ölkəmizdə bu proses baş vermir, onun da müxtəlif səbəbləri var. Bu daha çox müəyyən dövlət qurumlarının bu sahədə olan maraqlarından qaynaqlanan problemdir ki, hazırda sektorun özəlləşdirilməsi prosesi ləngiyir. O da nəzərə alınmalıdır ki, hökumət bu sahədə müəyyən qədər təcrübəsizdir və burada risqlərin olduğunu düşünür. Yaxın gələcəkdə, xüsusən də bələdiyyələrin səlahiyyətlərinin artırılmasından sonra bu sektor mütləq özəlləşdiriləcək. Özəlləşdirmə zamanı xidmətin satılması da düşünürəm ki, bələdiyyələr vasitəsilə həyata keçiriləcək. Bələdiyyələr tenderlər vasitəsilə bu xidmətləri özəl sektora sata bilər”.
Bələdiyyələr üzrə ekspert İlqar Hüseynli isə qeyd etdi ki, məsələnin həllində mübahisəli məqamlar olduğundan kommunal xidmətin özəlləşdirilməsi də yubanır: “Hazırda bəzi dövlət qurumlarının yanaşması ondan ibarətdir ki, kommunal xidmətin həyata keçirilməsi işi artıq bələdiyyələrin səlahiyyətinə verilsin. İkinci bir qrup isə vəziyyəti olduğu kimi saxlamağa üstünlük verir. Prosesi olduğu kimi saxlamaqda maraqlı olan qüvvələr ona görə belə istəyir ki, həmin sahədə korrupsiya imkanları daha rahatdır. Bilirsiniz ki, kommunal xidmət adı altında xeyli dərəcədə yeyintilər olur. Bütün bunlarla yanaşı deməliyəm ki, bu xidmət daha çox bələdiyyələrə verilməlidir. Çünki, dünya praktikasında, qonşu dövlətlərin təcrübəsində də belədir. Sosial xidmətlər olduğundan bu xidməti məhz bələdiyyələr həyata keçirir. Bu mənada problem mübahisəli qaldığından hələlik onun həlli yubanır”.
Rüfət