Britaniyada 2 min illik “sirrli qətl” ortaya çıxarıldı
İngiltərənin “Channel 4” telekanalında yayımlanacaq “Hidden Wonders” adlı yeni televiziya proqramının çəkilişləri zamanı arxeoloqlar Dorset bölgəsindəki dəmir dövrünə aid yaşayış yerində üzüstə basdırılmış yeniyetmə qızın skeletini aşkarlayıblar.
Yenicag.az “Independent”ə istinadən xəbər verir ki, “Bournemouth” Universitetindən araşdırmaçılar romalılardan əvvəl bölgədə yaşamış Durotriqes qəbiləsinin ev və məzarlıqlarını araşdırarkən bu tapıntıya rast gəliblər.
Analizlər qızın ölümündən əvvəl zorakılığa məruz qaldığını göstərir. Qızın diqqətlə basdırılması və üzüstə yerləşdirilməsi onun qurban edilmiş ola biləcəyinə dair ehtimalları gücləndirib.
Qazıntılar zamanı əldə edilən DNA nümunələri qəbilənin matriarxal quruluşa malik olduğunu, qadınların torpaq sahibi, kişilərin isə müxtəlif bölgələrdən gəldiyini ortaya çıxarıb.












