!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Konvensiya Xəzərdə mübahisəli yataqlar məsələsini həll etməyəcək - Ekspert

!Reklam – Yazi

“Xəzərin təkindəki mübahisəli yataqlarla bağlı Aktaudakı sammitdə imzalanması gözlənilən sözügedən konvensiyada heç bir müddəa yoxdur. Deməli, konvensiya Xəzərin hüquqi statusunu müəyyən etsə də, mübahisəli yataqlar məsələsini həll etməyəcək”.

İlham Şaban

Bu sözləri Yenicag.az-a açıqlamasında Xəzəryanı dövlətlərin gələn ay keçiriləcək növbəti sammitində Xəzərin hüquqi statusu ilə bağlı imzalanacaq konvensiyanın mübahisə doğuran yataqlarla bağlı məsələyə necə təsir göstərəcəyinə münasibət bildirərkən neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib:

“Bu istiqamətdə mövcud olan mübahisə predmetlərini fikir ayrılığının olduğu ölkələr öz aralarında özləri həll etməlidir. Hazırda bilirsiniz ki, Azərbaycanla Türkmənistan, Aşqabadla Tehran, İranla Bakı arasında bəzi yataqlarla bağlı mübahisələr mövcuddur. Yəni bu mübahisələri həmin ölkələr özləri öz aralarında həll etməlidirlər. Belə olan halda görürük ki, Aktauda imzalanacaq konvensiya həmin mübahisəli yataqlar məsələsinə hansısa bir aydınlıq gətirmir. Məsələnin əsas məğzi də məhz budur”.

Sammitdə statusla bağlı Konvensiyanın imzalanacağına isə İ.Şaban şübhə etmir:
“Xəzəryanı dövlətlərin Aktau şəhərində keçiriləcək sammitində dənizin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanacağı gözlənilir. Qazaxıstan tərəfinin açıqlamasına görə, guya, Xəzəryanı 5 ölkənin hamısı həmin konvensiyanı imzalamağa hazırdır. Hələ 1998-ci ildə Xəzərin hüquqi statusu ilə bağlı yeni sənədin hazırlanmalı olduğu qeyd edilirdi. O gündən başlayaraq Xəzərlə bağlı hər-hansı beynəlxalq hüquqa dair yanaşma öz qüvvəsini itirib. Yəni hər bir dövlət razılığa gəldi ki, Xəzərlə bağlı işlər artıq mübahisə mövzusudur və ona görə də mübahisəni hüquqi müstəvidə həll etmək üçün tərəflər hökumətlər səviyyəsində ekspert qrupu yaradır. Şükürlər olsun ki, 20 ildən sonra bu məsələ öz bəhrəsini verir. Ancaq maraqlıdır, Xəzərin hüquqi statusu ilə bağlı imzalanacaq sənəd hansı səpkidə özünü göstərəcək? Əvvəllər bütün Xəzəryanı ölkələr hesab edirdi ki, dənizdə özlərinə məxsus sektorlar hər bir dövlətin milli ərazisidir. Hətta Azərbaycan Konstitusiyasında bu hal öz əksini tapıb. Yəni Azərbaycanın sektoral ərazisi ölkəmizin öz ərazisi hesab edilir. Ancaq imzalanması gözlənilən konvensiyada tam başqa maddələr də var. Burada göstərilir ki, balıq tutmaq üçün kiçik ərazi müəyyən edilib. İqtisadi zona ondan bir qədər, 40 km artıqdır. Yerdə qalan ərazi suları isə istər hərbi gəmilər, istərsə də sivil gəmilər üçün neytral sular hesab edilir. Konvensiyada hətta boru kəmərləri, kabel kəmərlərinə aid müddəalar da var. Həmçinin iki ölkə arasında olan məsələlər digər ölkələrin ekologiyasına zərər vurmamalıdır”.

Ekspert düşünür ki, Aktauda imzalanacaq konvensiyadan irəli gələrək mübahisəli yataqlarla bağlı hansısa işçi qrupu yaradıla bilər. Ya da həmin məsələnin həlli ziddiyyətin yarandığı 3 ölkənin öz öhdəsinə buraxılacaq:
“Onsuz da dənizdə digər məsələlərlə bağlı heç zaman 5 ölkə arasında hər hansı bir antoqonist fikirlər olmayıb. Mübahisə predmeti ancaq Xəzərin təkindəki yataqlar və strukturlar olub. Bu məsələ isə hələ ki, açıq qalır və Aktau sammitində də öz həllini tapmayacaq. Amma yəqin ki, konvensiya imzalanandan sonra dövlət başçıları səviyyəsində məhz konvensiyadan irəli gələrək başqa bir işçi qrupu, yaxud komitələr tərəfindən həmin məsələyə baxılması gündəmə gələ bilər. Yaxud da mübahisəli yataqlar məsələsinin həllini 3 ölkənin öz öhdəsinə buraxacaqlar. Buradan belə nəticə çıxara bilərik ki, Aktau sammitində Xəzərin hüquqi statusu ilə bağlı konvensiya imzalansa da, bu reallıqda həmin statusun tam həlli demək olmayacaq”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bu qənaətdədir ki, Aktau sammiti də mübahisəli yataqlar probleminə əncam çəkə bilməyəcək: “Xəzəryanı dövlətlərin keçiriləcək növbəti sammitində Xəzərin hüquqi statusu ilə bağlı yekun sənəd imzalana bilər. Amma bununla belə yenə də iki məsələ sual altında qalacaq. İranın mövqeyi necə olacaq? Tehran hələ də Xəzərin 5 dövlət arasında bərabər hissələrə bölünməsini təklif edir. Bu isə beynəlxalq dəniz hüququna ziddir. İkinci bir tərəfdən, konvensiya imzalansa da belə, Azərbaycan, Türkmənistan və İran arasında dəniz sərhədinin müəyyənləşməsi sonraya saxlanılacaq. Yəni bu mübahisə ancaq ikitərəfli sazişlərlə yoluna qoyulmalıdır. Bu da müəmmalıdır. Həmin istiqamətdə Azərbaycanın əsas problemi heç də Rusiya və Qazaxıstanla bağlı deyil. Bu ölkələrlə dənizdə sərhədlər müəyyənləşib, saziş də imzalanıb. Əsas problemimiz İran və Türkmənistanladır. Aktauda imzalanması gözlənilən konvensiya sənədi haqqında söhbət açdığım vacib iki məsələnin həllinə təəssüf ki, əncam çəkə bilməyəcək. Bu problem ayrıca ikitərəfli sazişlər əsasında həll olunmalıdır. Bunun üçün isə İran öz sərt tələbindən geri addım atmalıdır. Aşqabadla isə məsələni fikrimcə daha rahat şəkildə yoluna qoya bilərik”.

Qeyd edək ki, Qazaxıstan xarici işlər naziri Kayrat Abdraxmanovun verdiyi məlumata görə, 5 Xəzəryanı dövlətin növbəti sammiti avqustun 12-də bu ölkənin Aktau şəhərində keçiriləcək.

Hansı ki, burada çoxdan gözlənilən Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanacağı gözlənilir.

ELÇİN

www.yenicag.az

1769
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv