Kremlin sifarişi ilə ZORAKILIQ: “Putin Stalini təkrar edir”
“Törədilən vəhşilik birbaşa Kremlin sifarişidir.”
Bu fikirləri Yenicag.az-a açıqlamasında uzun illər Rusiyada yaşayan və 2019-cu ildə bənzər haqsız fiziki zorakılıqla Rusiyadan deportasiya edilən politoloq Fuad Abbasov bildirib.
Politoloq Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı həyata keçirilən kütləvi həbsləri və işgəncə hallarını dövlət terroru adlandırıb:
“Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı edilən vəhşilik Kremlin siyasi sifarişidir. Əgər bu, Rusiyanın da bəyan etdiyi kimi sıradan, sıravi bir kriminal hadisə olsaydı, üstündən 20 il keçməsinə baxmayaraq, bütün bu fəaliyyətlər Rusiya hüquq-mühafizə orqanları tərəfindən qanun və nizamnamə çərçivəsində, sakit şəkildə, heç kimi döymədən, işgəncə vermədən, öldürmədən həyata keçirilə bilərdi. Bu halda da belə bir ictimai rezonans yaranmazdı. İstər 30, istərsə də 40-50 azərbaycanlı həbs oluna bilərdi, amma əgər bu, qanun çərçivəsində həyata keçirilsəydi, cəmiyyət bu qədər narahatlıqla qarşılamazdı.
Fuad Abbasov qeyd edib ki, baş verənlər təkcə hüquqi deyil, etnik və siyasi motivli təzyiqlərin göstəricisidir:
İnsanlara işgəncə verilərək, hətta bəzilərini öldürəcək qədər zor tətbiq edilərək, istintaq olmadan nəyisə sübut etməyə çalışmaq, onlara nəyisə məcburən imzalatmaq — bunların hamısı Stalin dövründən miras qalan və bu gün də Putin rejimi tərəfindən davam etdirilən dövlət siyasətidir. İstintaqsız, məhkəməsiz insanları döyərək cinayəti etiraf etdirməyə məcbur etmək dövlət terrorudur. Nəticə etibarilə bu üsulların azərbaycanlılara qarşı tətbiqi, Rusiyanın Azərbaycana münasibətinin tərkib hissəsidir.”
F. Abbasov hazırda azərbaycanlılara qarşı törədilənlərin, illər əvvəl gürcülərə qarşı edilən repressiyalarla oxşarlığını da xüsusi qeyd edib:
“Xatırlayıram, 2008-ci ildə Gürcüstanla Rusiya arasında başlayan müharibə zamanı, Saakaşvili hakimiyyətdə olarkən, Rusiyada yaşayan və hətta Rusiya vətəndaşı olan gürcü əsilli insanlara qarşı da oxşar repressiyalar aparılmışdı. Rusiya məktəblərində oxuyan gürcü şagirdlərə, bağçalarda olan uşaqlara, onların valideynlərinə təzyiqlər göstərilir, hətta bəziləri ölkədən çıxarılırdı. O dövrdə tətbiq edilən bu siyasət indi azərbaycanlılara qarşı həyata keçirilir.
Bunun sonunun nə olacağını demək çətindir. Amma görünən budur ki, Rusiya hakimiyyəti bununla Azərbaycana bir mesaj verir. Bu, yəqin ki, bir başlanğıcdır və Moskva Azərbaycanın hansı addımları atacağını gözləyir. Hələlik bu sadəcə siqnaldır. Gələcəkdə nələrin olacağını isə yalnız dövlətin qərarları çərçivəsində şərh edə bilərik.”
F. Abbasov 2019-cu ildə Rusiyada saxlanılarkən özünün də fiziki zorakılığa məruz qaldığını xatırladaraq son hadisələrlə müqayisə edib:
“2019-cu ilin may ayında hüquq-mühafizə orqanları tərəfindən saxlanılarkən çox ağır fiziki təzyiqə, daha dəqiq desək, döyülməyə məruz qalmışdım. Sonradan məhkəməyə müraciət edəndə mənə dedilər ki, guya həbs zamanı müqavimət göstərmişəm. Halbuki bu, doğru deyildi. İnsan əgər həbs olunursa, sakitcə gedə bilər, çünki müqavimət göstərməyin faydası olmur. Eyni ssenari indi də azərbaycanlılara qarşı tətbiq olunur.
Heç bir hüquq-mühafizə orqanının nizamnaməsində yazılmayıb ki, insanı həbs edərkən döymək, ona işgəncə vermək və bu yolla cinayəti etiraf etdirmək olar. Bu baş verənlər Rusiyanın 1930-cu illərdən bəri tətbiq etdiyi metodların bu gün də Putin–Medvedev–Lavrov üçlüyü tərəfindən davam etdirilməsinin ən bariz nümunəsidir.”
Fuad Abbasovun sözlərinə görə, bu hadisələr Rusiyanın dövlət siyasəti səviyyəsində həyata keçirdiyi repressiya planının tərkib hissəsidir və məqsəd bölgədə gərginlik yaratmaqla Azərbaycanı siyasi təzyiq altına almaqdır.
Nurlan Cəfəri