Koronavirusla bağlı ictimai iaşə müəssisələrinə ÇAĞIRIŞ – FOTO

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına qarşı effektiv mübarizə tədbirlərinin təmin olunması ilə bağlı ictimai iaşə müəssisələrinə çağırış edir.

Agentlikdən Yenicag.az-a verilən məlumata görə, pandemiya dövründə ictimai iaşə müəssisələri Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Koronavirus pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi barədə” 6 iyul 2020-ci il tarixli, 237 nömrəli qərarına uyğun olaraq öz fəaliyyətlərini həyata keçirməlidirlər.

Həmin qərara əsasən, pandemiya dövründə insanların sıx toplaşmasının xəstəliyin yayılma intensivliyinə birbaşa təsirini nəzərə alaraq, ictimai iaşə müəssisələrinə müştəri qəbulu 2 dəfə azaldılmalı və müvafiq olaraq hər adambaşına müəyyən edilən sahə 2 qat artırılmalıdır. Eyni zamanda qida qəbulu zallarında oturacaqların ara məsafəsi eyni masa arxasında 1 metrdən, masalararası məsafə isə 2 metrdən az olmamalıdır.

Hər bir ictimai iaşə müəssisəsinin qarşısında həmin müəssisənin qida qəbulu yerlərinin ümumi sahəsi, oturacaq yerlərinin sayı, masalararası məsafə, adambaşına müəyyən edilən sıxlıq normaları girişdə hər kəsin aydın şəkildə görə biləcəyi lövhələrdə əks olunmalıdır.

İctimai iaşə müəssisələri fəaliyyətə başladıqdan sonra AQTA əməkdaşları tərəfindən keçirilən reydlər zamanı müvafiq qərarın tələblərinə uyğun olaraq qida qəbulu, oturacaq yerləri, masalar və adambaşına müəyyən edilən sıxlıq normaları ilə bağlı zəruri məlumatların girişdə hər kəsin görə biləcəyi yerdə xüsusi lövhələrdə yerləşdirilmədiyi halları aşkar olunarsa, həmin müəssisələrlə bağlı qanunvericilik çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcəkdir.

COP29