Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Korrupsiya ilə mübarizədə vəzifəli şəxslərin həbsi gözlənilən nəticəni verməyəcək” – Politoloqun ŞƏRHİ

“Məmurum asanlıqla oğurlaya bilməyəcəyi, korrupsiya aktlarını həyata keçirməyə imkan verməyən bir sistem formalaşdırmaq lazımdır”.

Bu il yüksək vəzifə tutan bir sıra məmurların korrupsiya ittihamı ilə həbs edilməsi cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Belə ki, son ayyarım ərzində “Azərxalça” ASC-nin İdarə Heyətinin keçmiş sədri Vidadi Muradov, ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) keçmiş rəhbəri Vüqar Səfərli, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, eyni zamanda, paytaxt və bölgələrdə də korrupsiyaya yol verən bəzi vəzifəli şəxslər həbs olunub.

Ölkəmizdə korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən həbslərin effektivliyi ilə bağlı politoloq Yeganə Hacıyeva Yenicag.az-a açıqlama verib.

Politoloqun sözlərinə görə, korrupsiyaya qarşı effektiv mübarizə mexanizmlərinin tətbiqi və hesabatvermə formalarının reallaşdırılması vacibdir:

“Korrupsiya ilə mübarizə həm də sosial ədalət və rifahı stimullaşdırır ki, bu da dövlətin siyasi-ictimai sabitliyini təmin edən əsas faktorlardan biridir. Son bir ildə korrupsiya ilə mübarizə çərçivəsində həyata keçirilən həbslərin əsasında korrupsiyanın dövlət qurumlarına hansı səviyyədə sirayət etməsi haqqında fikir yürütmək mümkündür.

Ağstafanın, Yevlaxın, Neftçalanın, Biləsuvarın, İmişlinin, Kürdəmirin icra başçısı, Mədəniyyət və Xarici İşlər nazirlikləri, Dövlət Sərhəd Xidməti və başqa mühüm dövlət qurumlarında aparılan həbslərin geniş dairəsi problemin kadrlarla yanaşı, idarəetmədən də qaynaqlanmasının göstəricisidir.

Bu gün problemli sahələr kimi təhsil sistemi, sosial müdafiə təsisatları, səhiyyə, bank sektoru, ədliyyə sistemi və hüquq-mühafizə orqanları kimi sahələrdə də belə halların mövcudluğu haqqında məlumatlar müntəzəm yayılır.

Cəmiyyətdə özünün imici haqqında fikir formalaşdırmaqda tamamilə maraqsız görünən iki sahənin olduğunu deyə bilərik: səhiyyə və bank sektoru. Sanki Azərbaycanda gedən quruculuq işləri, islahatlar və sair kimi məsələlər bu iki sahəyə aid deyil.

Banklar vətəndaşın özəl mülkiyyətini, biznesini daxili sənədlərdə qiymətləndirmənin göstəricilərini sonradan saxtalaşdırmaqla, su qiymətinə ələ keçirirlər. Karantin səbəbi ilə dövlətin bank sektoruna tanıdığı imtiyazlı şərtlər banklar tərəfindən vətəndaşlara tətbiq olunmadı”.

Yeganə Hacıyeva hesab edir ki, dövlət qurumlarında şəffaflıq və yeni hesabatvermə formalarının tətbiqini həyata keçirmədən və ən əsası idarəetmədə bu formalara effektiv nəzarət metodları tətbiq edilməyənə qədər korrupsiyaya qarşı mübarizədə aparılan həbslərlə əldə edilən kiçik nəticələrin çox da faydası olmayacaq:

“Məmuru həbs etməkdənsə, onun asanlıqla oğurlaya bilməyəcəyi, korrupsiya aktlarını həyata keçirməyə imkan verməyən bir sistem formalaşdırmaq lazımdır. Əks halda, o məmurlar vəzifə daşıdığı zamanlarda oğurladığı milyonlardan cüzi maliyyə sızdırmaqla, özlərini ictimai rəydə “zərərçəkmiş” kimi göstərməyə, həbslərinin “siyasi motivli akt” olaraq qələmə verməyə çalışacaqlar”.

Gülşən Şərif

Loading...

www.yenicag.az

405