!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kredit borcuna görə cəza: Borclu vətəndaşlar üçün həbs təhlükəsi  

!Reklam – Yazi

Banklara olan kredit borcunu qaytara bilməyən vətəndaşlar barəsində həbs cəzasının tətbiqi məsələsi gündəmə gətirilib.

Yenicag.az xəbər verir ki, Cinayət Məcəlləsinin 196-cı maddəsininin (Kreditor borclarını ödəməkdən qəsdən yayınma) 196.1 və 196.2-ci bəndlərinə dəyişiklik təklif edilir.

Məlumata görə, Cinayət Məcəlləsinin qeyd edilən maddələrinə təklif olunan dəyişikliklərdə aşağıdakı müddəalar yer alır:

“Maddə 196.1. Məhkəmənin qanuni qüvvəyə minmiş müvafiq qərarına əsasən, təşkilat rəhbərinin və ya vətəndaşın kreditor borclarını, yaxud qiymətli kağızları ödəməkdən qəsdən yayınması xeyli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Maddə 196.2. Eyni əməllər külli miqdarda ziyan vurduqda – üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.

Bildirilir ki, qanun layihəsi oktyabrın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq (Modern.az).

Bu barədə Yenicag.az-a danışan millət vəkili Fazil Mustafa kredit borcunu ödəyə bilməyən vətəndaşlara qarşı cəzaların sərtləşdirilməsinin deyil, onlara yönələn güzəştlərin tətbiqinin tərəfdarı olduğunu deyib:

Fazil Mustafa

“Mənim fikrimcə, kredit borcu olan vətəndaşlara müəyyən səbəblərdən yanaşma fərqli olmalıdır. Ən əsası, vətəndaşların borc məsələsində vəziyyətlərini yüngülləşdirəcək addımlar atılmalıdır. Bu addımlar atılmasa, vətəndaşların əksəriyyəti borc yükünün altından qalxmaq imkanına malik deyil. Dövlət tərəfindən xüsusi komissiya yaradılaraq, o kreditlərin kimlər tərəfindən hansı məqsədlərlə (ehtiyac, fırıldaq, asan gəlir əldə etmək və s.) götürüldüyü araşdırılmalıdır. O baxımdan, hesab edirəm ki, belə məsələlərdə müəyyən problemlərin qalması təəccüblü deyil.

Əvvəllər də dəfələrlə deyilib ki, yaranmış vəziyyətdə kreditlərin ödənilməsi üçün vətəndaşlara güzəşt edilməli və bu məsələdə dövlət öz dəstəyini verməlidir. Yəni vətəndaşın ondan asılı olmayan səbəblər üzündən kredit borcunu ödəyə bilməməsi nəzərə alınmalıdır. Belə vəziyyətdə vətəndaşa həbs cəzası tətbiq edilməkdənsə, güzəşt olunması daha məqsədəuyğundur”.

İqtisadçı Vüqar Bayramov isə mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında vətəndaşların kredit borcuna görə həbs cəzasına məruz qalmalarının qəbuledilməz olduğunu deyib:

Vüqar Bayramov

“Kredit borclarına görə vətəndaşların həbs olunması nə arzuediləndir, nə də qəbulolunan. Bu məsələdə vətəndaşlarla şirkətləri bir-birindən fərqləndirmək lazımdır.

Çünki bəzi şirkətlər yetərincə iri məbləğdə kredit götürüblər və o vəsaitlərdən doğru istifadə etməyiblər. Beynəlxalq Bank nümunəsi də göstərir ki, həmin şirkətlərlə bağlı belə addımlar atıla bilər. Ancaq kredit borcu olan vətəndaşların həbs olunması qətiyyən məqbul deyil.

Ümumiyyətlə, kredit borcuna görə həbs cəzası tətbiq edən ölkələrin sayı azdır və inkişaf etmiş ölkələrdə bu təcrübədən istifadə olunmur.

Nəzərə alınmalıdır ki, götürülmüş kreditlərin qaytarılmaması bir çox hallarda sırf vətəndaşla yox, digər səbəblərlə bağlı problemdir. Xüsusilə, xarici valyutada olan kreditlərin qaytarılmaması həmin kreditlərin borc faizlərinin vətəndaşdan asılı olmayan artımı ilə əlaqədardır. Eyni zamanda, bankların kreditlər üçün olduqca yüksək faiz dərəcələri müəyyənləşdirmələri də bu problemin əsas şərtlərindəndir. Ona görə də vətəndaşların kredit borclarına görə qanunvericiliyin sərtləşdirilməsi və həbs cəzalarının tətbiqinə nə ehtiyac, nə də zəmin yoxdur. Rusiya və digər ölkələrin təcrübəsi göstərir ki, belə hallarda vətəndaşlara müəyyən güzəştlərin tətbiq edilməsi daha münasibdir, nəinki onların sərt şəkildə cəzalandırılması…

Kredit borclarının yığılmasına görə bankların məsuliyyəti də mütləq nəzərə alınmalıdır. Etiraf edək ki, əksər özəl banklar 2014-cü ilə qədər kreditlərin verilməsi zamanı vətəndaşın o borcu qaytarmaq riskini düzgün qiymətləndirməyiblər. Həmçinin, banklar bir çox müştərilərinin ödəniş qabiliyyətini təsdiqləyən sənədləri də doğru-düzgün araşdırmadan onlara kredit veriblər. Nəticədə də belə acınacaqlı vəziyyət yaranıb.

Ona görə də vətəndaşlara qarşı həbs cəzası deyil, onlara güzəştlərin tətbiqinin daha məqbul və zəruri olduğunu düşünürəm”.

A. Zeynalov

COP29

www.yenicag.az

5562
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv