Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Kreml Belarusda “pis” və “ən pis” variantlar arasında seçim etdi” – Elxan Şahinoğlu

Reklam: Sinerji Pro

“Əgər Belarus müxalifəti güclü müqavimət göstərsə, bu halda ölkənin güc strukturlarının rəhbərləri ciddi seçim qarşısında qala bilər”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Belarusda ötən gün keçirilən prezident seçkilərindən sonra ölkəni bürüyən etiraz aksiyalarının mümkün nəticələrini şərh edən politoloq Elxan Şahinoğlu deyib.

Elxan Şahinoğlunun sözlərinə görə, paytaxt Minskdə qarşıdakı iki gün ərzində baş verən hadisələr nəticə baxımından, həlledici olacaq:

“Belarusda önümüzdəki iki gündə əsas məsələlər həll olunacaq. Əgər müxalifət daha çox insanı küçəyə çıxartmağa nail olsa, etirazçıların sayı artsa, Lukaşenkonun problemləri də artacaq. Biz belə gedişatın nəticəsini Ukraynada məlum “Maydan” hərəkatı zamanı görmüşük. O zaman Ukraynada prezident seçkilərində Viktor Yuşenko ilə Viktor Yanukoviç mübarizə aparırdı. Ölkənin MSK-sı Yanukoviçi qalib elan etsə də, sonra başlayan kütləvi etiraz aksiyaları nəticəsində öz qərarını dəyişməli oldu.

Əgər Belarus müxalifəti güclü müqavimət göstərsə, bu halda ölkənin güc strukturlarının rəhbərləri ciddi seçim qarşısında qala bilər. Amma hadisələrin bu yöndə inkişaf edəcəyini proqnozlaşdırmıram. Lukaşenko müxalifətin müqavimətini qırmağa çalışacaq. O, artıq Rusiyadan arzuladığı dəstəyi alıb. Əslində, bu dəstəyi də öncədən proqnozlaşdırmışdım.

Son həftələrdə Belarus-Rusiya münasibətlərində müəyyən gərginlik yaransa da, Lukaşenkonun Moskvadan dəstək alacağı bəlli idi. Moskvada Lukaşenkonu istəməyənlər çoxdur, amma onun rəqiblərinin Qərbpərəst olduğunu da nəzərə alırdılar. O baxımdan, Kreml “pis”lə (Lukaşenko) “ən pis” (Qərbyönümlü müxalifət) variantları arasında seçim etməli idi. Ona görə də “pis”i, yəni Lukaşenkonu seçdi”.

Politoloq hesab edir ki, prezident seçkilərindən sonra Qərbin Lukaşenkoya münasibətində ciddi dəyişiklik olmayacaq:

“Əlbəttə, Qərb Lukaşenkonun etirazçılara qarşı güc tətbiqini pisləyəcək, onun Lukaşenkonun legitimliyini şübhə altına alacaq. Ancaq bir müddətdən sonra yumşalmalar başlayacaq. Amerika əvvələr Lukaşenkoya qarşı sərt siyasət yürüdürdü, lakin sonradan səfirini də geri göndərdi, sanksiyalar da yumşaldıldı. Hətta dövlət katibi Mayk Pompeo Minskə gəlib Lukaşenko ilə görüşdü. Yəni Amerikanı demokratiya deyil, geosiyasi məsələlər maraqlandırır. Lukaşenkonun Moskva ilə problemlərinin olması isə Qərbin xeyrinədir”.

Aqil Bəkir

www.yenicag.az

4083