Kreml Ermənistanda İNQİLABA HAZIRLAŞIR – İrəvanda bıçaq sümüyə DİRƏNDİ
“Ağ Evdə Azərbaycan Prezidenti, ABŞ Prezidenti və Ermənistan Baş naziri arasında imzalanmış üçtərəfli anlaşma Cənubi Qafqazın gələcək taleyi baxımından mühüm əhəmiyyət daşıyır. Eyni zamanda bu sənəd Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması və hər iki ölkənin yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından da strateji addım hesab olunur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli deyib.
Analitik 8 avqust Vaşinqton görüşündən sonra Ermənistanda Paşinyan hakimiyyətinin sülh strategiyasına başlamasından sonra müxalifətin hərəkətə keçməsinin səbəblərini izah edib.
Onun sözlərinə görə, bu kontekstdə Paşinyan hakimiyyəti Vaşinqtonda imzalanmış sənədləri siyasi məqsədləri üçün istifadə etməkdə maraqlıdır:
“Baş nazir Nikol Paşinyanın son açıqlamaları da bunu açıq şəkildə göstərir. O bildirir ki, Ermənistanın gələcəyi yalnız Azərbaycanla sülh sazişinin imzalanmasına bağlıdır və bu istiqamətdə addımlar atılır. Paşinyanın fikrincə, bu konsepsiyaya qarşı çıxan qüvvələr Ermənistanı yeni fəlakətlərə sürükləmək istəyənlərdir. Burada söhbət, ilk növbədə, erməni kilsəsindən, erməni oliqarxiyasından və radikal revanşist müxalifətdən gedir. Sirr deyil ki, həm kilsə, həm də oliqarxiya və revanşist düşərgə Rusiyanın kəşfiyyat və agentura şəbəkəsinə bağlıdır. Bu qüvvələr hakimiyyət dəyişikliyi yolu ilə Ermənistanı yenidən Rusiyanın təsir dairəsinə qaytarmaq niyyətindədir”.
Müsahibimizin fikrincə, N. Paşinyan isə Ağ Evdə imzalanmış sənədlərlə bu təzyiqlərə qarşı müqavimət imkanları qazandığını düşünür:
“O, 2026-cı ildə keçiriləcək parlament seçkilərində də bu sənədləri Ermənistan hakimiyyətinin böyük siyasi uğuru kimi cəmiyyətə təqdim etmək niyyətindədir. Ermənistanda həm savaş, həm də sülh tərəfdarları mövcuddur. Böyük ehtimalla, sülh tərəfdarı olan kəsim Vaşinqton görüşünün nəticələrinə uyğun olaraq Paşinyan hakimiyyətini dəstəkləyəcək. Seçkiyə qədər Vaşinqton görüşünün nəticələri və imzalanan sənədlərin detalları barədə Ermənistan cəmiyyətinə pozitiv məzmunda daha geniş məlumatın verilməsi gözlənilir. Bununla da seçkilərdə qələbənin təmin olunması məqsədi güdüləcək. Bütün bunlar Azərbaycanın da maraqlarına cavab verir və Cənubi Qafqazın yeni inkişaf mərhələsinə qədəm qoyması baxımından mühüm əhəmiyyət daşıyır. Ermənistan sülhə nə qədər yaxınlaşarsa, Cənubi Qafqazın inkişaf şansı bir o qədər artacaq”.
Siyasi təhlilçi əmindir ki, Paşinyanın açıqlamalarında diqqətçəkən digər məqam Qarabağ məsələsinə aiddir:
“O vurğulayıb ki, Qarabağ problemi həll olunduqdan sonra Azərbaycan və Ermənistan arasında dərhal sülh yarandı. Onun fikrincə, Qarabağ problemi həmişə Qafqazda münaqişə və qarşıdurma yaratmaq, eləcə də Ermənistan dövlətçiliyini təhdid etmək üçün istifadə olunurdu. Bu problemin aradan qaldırılması ilə bağlı digər məsələlərin də həllinə zəmin yaranıb. Beləliklə, Paşinyan hakimiyyəti növbəti seçkilərdə real qələbə şansına sahibdir və bundan istifadə etməyə çalışacaq. Əgər seçkidən sonra hakimiyyətdə qalarsa, qısa müddətdə referendum keçirərək Konstitusiyadakı Azərbaycana qarşı ərazi iddialarını ləğv etməyə və yekun sülh sazişini imzalamağa cəhd göstərə bilər. Bu isə bütövlükdə Qafqaz üçün strateji əhəmiyyət daşıyan yeni mərhələnin başlanğıcı olacaq”.
“Yekun sülh sazişinin imzalanmasının ardınca Zəngəzur dəhlizinin və ya Tramp körpüsünün reallaşdırılması prosesi sürətlənə bilər. Bu halda Cənubi Qafqaz böyük gəlir gətirə biləcək nəqliyyat-kommunikasiya xəttinə sahib olacaq və bundan bütün region dövlətləri faydalanacaqlar. Paşinyanın son açıqlamalarında da Ermənistanın blokadadan çıxarılmasında Zəngəzur dəhlizi və Tramp körpüsü layihəsinin xüsusi rolu vurğulanır. Başqa sözlə, Paşinyan hakimiyyəti üçün sülh normativləri həm seçki, həm də Ermənistanın gələcək inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov