"Kreml ilə Çeçenistan arasındakı mürəkkəb münasibətlər..." - Putin Kadırovun üstündən XƏTT ÇƏKİR?
“Kremlin Kadırova olan münasibətində ciddi dəyişikliklərin olduğu müşahidə edilir”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında politoloq Aytən Qurbanova bildirib.
Analitik son vaxtlar Çeçenistan rəhbəri Ramzan Kadırovun səssizliyini və bunun arxasındakı mümkün istefasını şərh edib:
“Hələlik bu məlumatlar təsdiqini tapmadığı üçün dəqiq fikir bildirmək çətindir. Amma son zamanlarda rəsmi Kremlin Kadırova olan münasibətində ciddi dəyişikliklərin olduğu müşahidə edilə bilir. Hətta Kadırovun səhhətində ciddi problemlərin olması xəbərləri belə onun rəsmi tədbirlərdə iştirak etməməsi üçün əsaslı arqument olaraq qəbul edilmir”.
“Uzun illər Vladimir Putinə sadiqliyi ilə tanınan Ramzan Kadırovun adı son dövrlərdə istefa ehtimalları və daxili komanda dəyişiklikləri ilə daha çox gündəmdədir. Bu hadisələr yalnız bir regionun rəhbərinin taleyi məsələsi deyil, eləcə də rəsmi Kreml ilə Çeçenistan arasındakı mürəkkəb münasibətlərin yeni mərhələyə qədəm qoyduğuna da işarə edir. Ona görə düşünürəm ki, yaxın zamanlarda Kadırovu kimin əvəz edəcəyi ilə bağlı müzakirələr daha çox aktual ola bilər”.
Yenicag.az