Kreml Trampın nüvə ilə bağlı bəyanatlarına cavab verdi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, ABŞ prezident Donald Trampın bəyanatlarından əvvəl Rusiyaya yeni nüvə silahı sınaqları keçirmək planları barədə məlumat verməyib.
Yenicag.az xəbər verir ki, onun sözlərini TASS sitat gətirib.
Eyni zamanda Kreml nümayəndəsi vurğulayıb ki, bu, ABŞ-nin suveren qərarı olsa da, Rusiya tərəfi bu addıma cavab verə bilər, çünki bu, mövcud moratoriumları pozur.
“Mən Rusiya prezidenti Vladimir Putinin dəfələrlə təkrarlanan bəyanatını xatırlatmaq istərdim: təbii ki, kimsə moratoriumdan imtina edərsə, Rusiya da buna uyğun hərəkət edəcək”, – Peskov bildirib.
Tramp bundan əvvəl nüvə silahlarının dərhal sınaqdan keçirilməsinə göstəriş verdiyini açıqlamışdı. Amerika liderinin sözlərinə görə, bunlar nüvə silahı proqramlarına malik olduğu iddia edilən digər ölkələrlə “bərabər əsasda” aparılacaq. Bu, çox güman ki, Rusiya və Çinə aiddir.












