Kremldən İrəvana “soyuq duş” – “Ermənistanın Avropa İttifaqına inteqrasiyası...”

media-hightechnic-468x90

 

“Rusiyanın Ukraynada etdikləri fonunda Ermənistanı iqtisadi təzyiqlər etməklə hədələməsi, əslində, yumşaq mövqedir. Amma bunun altında, təbii ki, Ermənistan üçün ciddi təhlükələr yatır”.

Bunu Yenicag.az-la söhbətində politoloq Azər Qasımov deyib.

Siyasi təhlilçi Ermənistanın Avropa İttifaqına (Aİ) inteqrasiyası yolunda Rusiyanın mövqeyini şərh edib.

Xatırladaq ki, bu gün bir sıra “Telegram” kanallarında yayılan məlumatlara görə, Rusiya siyasi dairələrindən İrəvana göndərilən mesajda qeyd olunub ki, Ermənistan Respublikası Avropa İttifaqına inteqrasiya yolu ilə getsə, bu, Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə münasibətlərə yenidən baxılmasına gətirib çıxaracaq ki, bu da Ermənistan əhalisi üçün ağrılı proses olacaq.

Həmsöhbətimiz əlavə edib ki, Aİ-nin hazırda özünün çətin durumda olduğunu nəzərə alsaq, Ermənistanın Aİ-yə inteqrasiyası ona əlavə yük olmaqla yanaşı, həm də Rusiya təhlükəsini yanında gətirəcək:

“Ona görə də Ermənistanın Avropa İttifaqına inteqrasiyası bu quruma lazım deyil. Bu, sadəcə Ermənistanı idarə etmək üçün oynanılan oyundur, eyni zamanda, Rusiyaya təzyiq vasitəsidir. Rusiya isə bu prosesin adının çəkilməsinə dözümsüz yanaşır, o ki qala real proses başlana…”

Onun sözlərinə görə, Ermənistanın bilavasitə Rusiyanın hesabına öz iqtisadi varlığını sürdürdüyü kimsəyə qaranlıq deyil:

“Bu isə Avrasiya İqtisadi İttifaqı çərçivəsində həyata keçirilir. Ermənistanın infrastruktur və enerji təminatının da Rusiyadan asılı olduğunu nəzərə alsaq, atılmaq istənilən addım Ermənistanın məhvi olar. Gürcüstanın bu məsələdə keçdiyi yol Ermənistana dərs olmalıdır və bunun özü bir məktəbdir. Gürcüstan etdiyi səhvin bədəlini ağır ödəyib. İndi münasibətlərin bərpası istiqamətində atılan addımlar itirilmiş ərazilərin geri qaytarılması söyləntilərini ortaya çıxarıb. Hesab edirəm ki, Ermənistanın Avropa İttifaqına inteqrasiya məsələsi nə coğrafi, nə də siyasi və iqtisadi baxımdan mümkün deyil”.

Rafi Müslümov

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600