Kremlin bitməz-tükənməz İDDİALARI: “Rusiya olmayan papağını qarşısına qoyub düşünməlidir ki...”
“Rusiya başından böyük qələt edir!”
Bu fikirləri Yenicag.az-a açıqlamasında ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bildirib.
O, bir neçə gün öncə Rusiyanın Xarici İşlər Nazirliyi nümayəndəsi Aleksey Fadeevin Azərbaycanın Ukraynaya silah göndərdiyini iddia etməsi və buna görə də Azərbaycanı təhdid etməsini şərh edib.
Ü. Cəfərov söyləyib ki, Rusiya XİN rəsmisi Azərbaycandan Ukraynaya silah tədarükünün mümkünlüyü məsələsinə münasibət bildirərkən bəzi həddini aşan fikirlər səsləndirib:
“Həddini aşan fikirlər də ondan ibarətdir ki, əvvəla, Azərbaycan-Ukrayna münasibətlərinin heç bir halda Rusiyaya dəxili yoxdur. Necə ki Rusiyanın Ermənistan, Şimali Koreya, İran və digər ölkələrlə münasibətləri necədirsə, Azərbaycan da hər hansı bir dövlətin sifarişi və istəyi ilə Ukrayna ilə münasibət qurmur”.
Ü. Cəfərov Azərbaycanın Ukraynaya yardımlarının nədən ibarət olduğunu da Rusiyanın diqqətinə çatdırıb:
“Bizim Ukrayna ilə çoxillik və çoxşaxəli dərin tarixi olan əlaqələrimiz mövcuddur. Ona görə də Rusiya təmsilçisi Aleksey Fadeevin nə deməsindən asılı olmayaraq, Azərbaycan Ukraynaya lazım olan dəstəyi göstərib, Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir. Bunun üçün də Rusiyanın Azərbaycanın guya Ukraynaya öz arsenalında olan silah-sursatın tədarükü ilə bağlı məqsədyönlü şəkildə yaydığı ajiotaj, hay-küyə fikir vermək lazım deyil. Azərbaycan Ukraynaya nə lazımdırsa, onu edir. Müharibə vəziyyətində olan Ukrayna üçün humanitar sahə ilə bağlı olan problemlərini yoluna qoyur”.
“Enerji infrastrukturunu dağıdan Rusiya vəhşiliklə məşğuldur. Rusiya utanmalıdır – necə ki, uzun illər utanacaq. Rusiya guya müharibə aparır amma bu gün Ukraynanın mülki insanlarını öldürür, xəstəxanalarına atəş açır, Ukraynanın heç bir günahı olmayan silahsız vətəndaşlarını qətlə yetirir amma həyasızcasına başqa ölkələri də təhdid edir. Son günlər isə daha çox təhdid Azərbaycan və Qazaxıstana qarşı edilir. Bunlar hamısı blefdir, boş şeydir. Azərbaycanın kifayət qədər Rusiya qarşısında duruş gətirmək imkanları var. Əvvəllər idi ki, Qarabağ məsələsində onlar özlərini çox rahat hiss edirdilər, Azərbaycana təzyiq edirdilər, Azərbaycana qarşı təzyiq vasitələri mövcud idi amma bu gün bu vasitələr əllərindən çıxdığı üçün belə vurnuxurlar, başlarından yekə qələtlər edirlər Solovyovlar, Fadeevlər, Rusiyanın irili xirdalı maşaları”, – deyə o, əlavə edib.
Hərbi ekspert bu kimi şəxslərin özbaşına olmadığını, birbaşa Rusiya Federasiyası rəhbərinin icazəsi ilə danışdıqlarını qeyd edib:
“Putin özü danışmasa da, hamısı Putinin birbaşa razılığı ilə həyata keçirilən addımlardır. Bununla Rusiya prezidenti qorxaqcasına bu məsələlərə münasibət bildirmir, özünü kənarda imiş kimi aparır, amma biz bilirik ki, bu məsələlər rəsmi olaraq Rusiyanın mövqeyidir. Federal kanallarda kimin nə cəsarəti çata bilərdi ki, Azərbaycana qarşı dil uzatsın, Azərbaycanı nədəsə təhdid etsin?! Ona görə də Rusiyanın son bəyanatlarında Azərbaycandan Ukraynaya təchiz edilən silahlar hansı silahlardır, desinlər, bilək”.
Onun sözlərinə görə, bu gün Ukraynanın qərbdən aldığı ən müasir silahlar Ukraynanın tələbatlarını ödəmək gücündədir və ödəyir:
“Ona görə də nə qədər onlar üçün çətin də olsa, Ukrayna Rusiya önündə duruş gətirir, müqavimət göstərir. Ukrayna öz suverenliyini qorumaq üçün əlindən gələni edir və biz də bu işdə Ukrayna xalqına uğurlar arzu edirik. Biz bilirik ki, işğala məruz qalmaq nə deməkdir. Ölkə başçısı da Şuşada ukraynalı jurnalistin sualının cavabında “siz heç vaxt işğalla barışmamalısınız” dedi. Bu söz hər şey deməkdir. Bizi də zamanında həmin Rusiya vadar edirdi ki, siz torpaqlarınızı müharibə yolu ilə qaytara bilməzsiniz. Gördünüz ki, artıq 44 günlük savaşın artıq 5-ci ildönümünə qədəm qoymaqdayıq. Ümid edirəm ki, Rusiya bu cür təhdidlərdən, bu cür həyasızlıqlardan əl çəkəcək”.
Sonda ekspert Rusiyaya Azərbaycanı ittiham etmək əvəzinə öz səhvlərinə baxmalarını tələb edib:
“Rusiya oturub olmayan papağını qarşısına qoyub yaxşı-yaxşı düşünməlidir ki, niyə ona qarşı postsovet ölkələr daxil əksər ölkələrin onlara qarşı münasibəti dəyişib? Çünki Rusiya özünü yekəxana, yekəbaş aparır. Ona görə də onlar oturub düşünməlidirlər ki, niyə onlara qarşı bu münasibət sərgilənir?”
Nurlan Cəfəri