Azərbaycan Respublikası Prezidentinin dövlət xidmətlərində operativlik, əlçatanlıq, şəffaflıq və məmnunluq prinsiplərinin təmin olunması, xidmətlərin daha da müasirləşdirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi yeni ildə də məqsədyönlü addımları davam etdirir. Vətəndaşların daşınmaz əmlakın qeydiyyatı xidmətlərindən daha rasional və optimal qaydada faydalanması istiqamətində tədbirlər görülür. Rahatlıq və çevikliyi artıran “bir pəncərə” prinsipinin, operativliyi təmin edən elektron xidmətlərin və müasir informasiya texnologiyalarının tətbiqi həyata keçirilir. “Bir pəncərə” prinsipinin tətbiqi sayəsində artıq qeydiyyat və torpaq idarəçiliyi ilə bağlı xidmətlər heç bir əlavə quruma müraciət etmədən bir ünvanda – Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində göstərilir. Komitənin 31 elektron, 2 onlayn və 3 SMS xidməti daşınmaz əmlakın qeydiyyatı, özəlləşdirilməsi, idarə edilməsi və icarəsi sahəsində vətəndaş-məmur ünsiyyətini minimuma endirib və vaxta kifayət qədər qənaət edilməsinə səbəb olub. İndiyədək elektron xidmət vasitəsilə edilmiş 295 mindən çox müraciət elektron xidmətlərə olan böyük marağın və bu xidmətlərdən geniş istifadənin göstəricisidir.
Vətəndaşların mülkiyyət hüquqlarının daha səmərəli təmin olunması məqsədilə yeni ildə mobil qeydiyyat tədbirlərinə artıq start verilib. Komitənin davam etdirdiyi mühüm tədbirlərindən biri də sosial layihə olan və xidmətləri bilavasitə vətəndaşın ünvanına çatdıran “Kütləvi çıxarış” kampaniyasıdır. Belə ki, yeni ildə ilk “Kütləvi çıxarış” kampaniyası 15 yanvar 2016-cı il tarixində Yevlaxda keçirilib. Sosial əhəmiyyətli kampaniya çərçivəsində rayon sakinlərinə bilavasitə yerlərdə və ünvanlarda evlər, mənzillər və torpaqların qeydiyyatına dair operativ xidmətlər göstərilib. Bu xidmətlər dövlət reyestrindən çıxarışların təqdim olunması və ilkin mülkiyyət sənədlərinin qəbulunu əhatə edir.
Yevlax rayonunun bir neçə kəndindən olan 200-ə yaxın sakin ərazi idarəsinə getmədən komitənin mobil ofisləri vasitəsilə çıxarış əldə ediblər. Həmçinin, 100-ə yaxın vətəndaşdan onların mülkiyyətinə dair ilkin sənədlər qəbul olunub. Xatırladaq ki, belə ilkin mülkiyyət sənədlərinə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qüvvəyə minən tarixədək vətəndaşlara verilmiş aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri, mənzillər barədə orderlər, kolxoz və sovxozlar tərəfindən verilmiş əmrlər və digərləri aiddir.
Yeni ildə kampaniya daxilində yeni aksiyaya da start verilib. Belə ki, kampaniya çərçivəsində komitənin hüquqi yardım aksiyası da keçirilir. Komitənin hüquqşünasları kampaniyada iştirak edən vətəndaşlara evlər, mənzillər, torpaqlara çıxarış və texniki pasport, yüklülük və digər arayışların alınması, qeydiyyat üçün zəruri ilkin sənədlər, çatışmayan sənədlərin əldə olunması, uyğunsuzluqların aradan qaldırılması, dövlət rüsumu və xidmət haqları, qeydiyyat proseduru və mərhələləri ilə bağlı hüquqi izah və istiqamət veriblər. Aparılmış hüquqi maarifləndirmə nəticəsində vətəndaşlara çatdırılıb ki, qeydiyyata alınmış əmlak hüquqi təhlükəsizdir və perspektiv gəlir mənbəyidir. Dövlət qeydiyyatına alınmış daşınmaz əmlak biznes alətinə çevrilə bilər, gəlir götürülməsi məqsədilə istifadə oluna bilər.
Həmin gün komitənin mobil ofisləri vasitəsilə mütəxəssislər bir neçə fiziki məhdudiyyətli vətəndaşın evinə gedərək çıxarışları elə onların evində təqdim edib. Birbaşa evlərdə xidmətlərin göstərilməsi maksimum əlçatanlığı, vaxta qənaəti və rahatlığı təmin etmək məqsədi daşıyır. Kampaniya vətəndaşın ərazi idarəsinə müraciət, idarəyə gəlib-getmə məcburiyyətlərinə son qoyur, nəqliyyat xərclərinin qarşısını alır, qeydiyyatla bağlı dövlət xidmətlərini birbaşa ünvana çatdırır. Xidmətin çatdırılması üçün əlavə ödəniş tələb olunmur, mobil xidmətlər yalnız qanunla müəyyən edilmiş dövlət rüsumu və xidmət haqqı əsasında həyata keçirilir. Bu rüsumlar yalnız bank vasitəsilə və ya elektron qaydada ödənilir. Bütün bu sosial addımlar son nəticədə şəffaflıq, çeviklik, rahatlıq və məmnunluq səviyyəsinin yüksəlməsini təmin edir.
Kampaniyanın digər faydası vətəndaşların qeydiyyat xidmətlərindən daha əlverişli şəkildə faydalanması və daşınmaz əmlakın hüquqi etibarlılığı və iqtisadi səmərəsini daha da artırmasıdır. Bununla yanaşı, kampaniya daşınmaz əmlak bazarının aktivləşməsinə, əmlak sahiblərinin biznes proseslərinə cəlb edilməsinə də öz töhfəsini verir.
Qeyd edək ki, təkçə 2015-ci ildə kampaniya 16 şəhər və ya rayonda həyata keçirilib. Kampaniya başlayandan bu günədək ümumilikdə 6000-dən çox vətəndaş kampaniyadan faydalana bilib.
www.yenicag.az