Londondakı "viza" İZİ: İranın yeni lideri kimə xidmət edir?
“Müctəba Xamneyi düşmənləri ilə uzlaşmayacaq, əksinə, atası və ailəsini öldürmüş ABŞ və İsrailə qarşı intiqam andı içərək müharibəni davam etdirəcək.”
Bu iddianı Yenicag.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib.

Politoloq İranda yeni seçilən ali dini rəhbərin izləyəcəyi siyasi xətt barədə fikirlərini bölüşüb:
“Müctəba Xamneyinin ali dini rəhbər seçilməsində əsas rol SEPAH-a məxsusdur. Xamneyinin oğlu SEPAH tərəfindən ciddi şəkildə dəstəklənirdi. Onun dini rütbəsi ilə bağlı çox ciddi problemlər var idi. Belə ki, ali dini rəhbər seçilmək üçün “ayətullah” rütbəsi əsas meyar hesab olunsa da, Müctəba bu rütbəni almaq üçün lazım olan yolu keçməyib. Rütbəni almaq üçün bir neçə ritual mövcuddur ki, bunlar onun tərəfindən yerinə yetirilməyib. 2022-ci ildə tamamilə siyasi bir qərarla ona bu rütbə verilib və buna görə İranda bir çox şəxs onu hələ də “höccətül-islam” rütbəsində görür. Bu da təqlidi-mərcid məqamına yüksəlmək üçün kifayət etmir; həmin məqama yüksəlməyən şəxs İranda ali dini rəhbər seçilə bilməz. Əslində, bu, onlar üçün normal haldır. Çünki atası Əli Xamneyi də 1989-cu ildə ali dini rəhbər seçilərkən onun dini rütbəsi də bu məsələyə uyğun gəlmirdi.
Hər bir halda o, artıq bu vəzifədədir və SEPAH, eləcə də digər qurumlar ona sədaqət andı içiblər. Düşünürəm ki, ABŞ və İsrailə qarşı olan savaş bütün gücü ilə davam edəcək. İran elitasının seçimi göstərdi ki, onlar sülh danışıqlarına meylli deyillər. Müctəbanın həm atası, həm də ailə üzvləri öldürülüb və bundan sonra o, faktiki olaraq ABŞ və İsrailə qarşı intiqam andı içmiş biri sayılır. Belə bir şəxsin İranda dini rəhbər seçilməsi ciddi problemlərə yol aça bilər.”
Politoloq qeyd edib ki, yeni dini rəhbərin Böyük Britaniya ilə əlaqələri mövcuddur və bu ölkə ona xüsusi viza təmin edib:
“Burada xüsusi bir məqam da var: onun Böyük Britaniya ilə çox yaxşı münasibətləri var, dəfələrlə bu ölkəni ziyarət edib və Londonda xeyli sayda mal-mülkünün olduğu bildirilir. Övladının müalicəsi adı ilə vaxtaşırı Böyük Britaniyaya səfər edirdi və qəribədir ki, Böyük Britaniya onu xüsusi viza ilə də təmin etmişdi. Bu da vəziyyətə təsir göstərə bilər.”
Nurlan Cəfəri













