Malazgirt Zəfərinin 950-ci il dönümü qeyd olunub – Fotolar

Sentyabrın 9-da Bakıda AMEA Ədəbiyyat İnstitutunun Nizami adına elektron akt zalında AMEA Elmi Şura rəhbəri İsa Həbibbəyli və AMEA Tarix İnstitutnun dəstəyi və tərəfdaşlığı ilə Malazgirt Zəfərinin 950-ci il dönümü ilə bağlı tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbiri ilk giriş sözü ilə AMEA A.A.Bakıxanov adına Tarix İnstitunun  orta əsrlər şöbəsinin müdiri Tofiq Nəcəfli açaraq Malazgirt döyüşü haqqında qısa bilgi verib. Daha sonra TÜMİB sədri Tural Əfəndi çıxışında Azərbaycan- Türkiyə əlaqələri və bir millət, iki dövlət olma yolunda Malazgirt savaşının və zəfərinin əhəmiyyətini vurğulayıb. Tədbir iştirakçıları arasında Türkiyədə keçirilən Malazgirt Zəfərinin 950-ci ildönümü törəninə qatılanlar arasında olmuş Çölçü Milli Mədəni İrsi qoruma İctimai birliyinin rəhbəri Eltən Qədimbəyli də olub.

O, çıxışında  Malazgirt döyüşünün xalqın mənəvi ruhunun formalaşmasında rolundan bəhs edib.  AMEA A.A.Bakıxanov adına Tarix İnstitutunun “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsinin müdiri Şahin Fazil Malazgirtin türk tarixində əhəmiyyətindən danışaraq Malazgirt Zəfərinin tarixi önəmini diqqətə çatdırıb.

Sonrakı çıxışçılardan AMEA Tarix İnstitutunun Orta əsrlər şöbəsinin aparıcı elmi işçisi Ramil Ağayev orta əsr Azərbaycan tarixi və Azərbaycanda mövcud olmuş Türk dövlətləri,  Okçular vakfı nümayəndəsi Seçkin Anık Türk oxçuluğunun Malazgirt döyüşü zamanı  zəfərin qazanılmasında oyanadığı rol, Sütçü İmam Kahraman Maraş Universiteti professoru Toğrul İsmayıl Malazgirt döyüşünün tarixi və siyasi aspektləri mövzusunda danışıblar.

AMEA Tarix İnstitutunun Gənc Alim və mütəxəssislər şurası sədri Rəşad Mustafa “Azərbaycanın Dış Oğuzdan İç Oğuza çevrilmə prosesi” haqqənda, AMEA Tarix İnstitutunun əməkdaşı Cəmaləddin İsmayılov rəsm əsəri ətrafında çıxış edib.

Xatırladaq ki, avqustun 26-da Türkiyədə Malazgirt Zəfərinin 950-ci ildönümü qeyd olundu. Bu zəfər 1071-ci ilin avqustun 26-da Alparslanın rəəhbərliyi qazanılaraq Anadolunun qapılarını Türk dünyasına açdı.