MARKETLƏRDƏ 18 MANATA TONQAL: Biz ənənəni yaşadırıq, yoxsa onu asan bir formata çeviririk?
Təqvimə baxmağa ehtiyac yoxdur, bahar artıq özünü hiss etdirir. Torpağın o şirin nəfəsi, bazarlarda bayram ab-havası… Amma bu il bazarları gəzəndə diqqətimi bir şey çəkdi və ürəyimdən bir sual keçdi:
Mağazada satılan “hazır tonqal”lar?
Qiyməti 18 manat olan bu dəstləri görəndə istər-istəməz insan özünə sual verir: Biz ənənəni yaşadırıq, yoxsa onu asan bir formata çeviririk?
Xalqımızın qədim inanclarına görə, Novruz tonqalı sadəcə bir od yığını deyil. O, təmizliyin, yenilənmənin rəmzidir. Tonqalın üstündən tullanarkən dediyimiz o məşhur “Ağırlığım-uğurluğum odda qalsın” ifadəsi, köhnə ilin ağırlığını, dərdini-sərini öz əlimizlə yandırdığımız o odda qoyub, təzə ilə təmiz başlamaqdır.
Bəs, başqasının hazırladığı, paketlənmiş odunları bir kənara düzüb yandırmaq o “həyəcanı” verirmi? Əlbəttə, yox. Tonqalın özü qədər, onu qalamaq, odunları yığmaq, atəşin yavaş-yavaş alovlanmasını gözləmək, ailənin, qonşuların ətrafına toplaşması da bayramın bir hissəsidir. O prosesdəki birlik, o söhbət, o hazırlıq mərhələsi əsl bayram enerjisi elə buradadır.
Biz həyatı o qədər sadələşdiririk ki, bəzən ənənələrin özündən də uzaqlaşırıq. Ənənə “hazır” olanda, onun dəyəri də “hazır” olur yəni, tez alınıb, tez bitir. Ənənə bir az da zəhmət, bir az da vaxt və əmək istəyir.
Baharın gəlişi təbiətin zəhmətlə, dirçəlişlə, çətinliklərə sinə gərərək oyanmasıdır. Bizim də köhnə ilin ağırlığını “yandırmaq” üçün bəlkə də elə öz zəhmətimizə ehtiyacımız var.
Qoyun bu Novruzda tonqalınızı özünüz qalayın. Odunları uşaqlarınızla bərabər yığın, alovun başına qonşularınızı, əzizlərinizi toplayın. Qoy o odun istisi evinizə, qəlbinizə öz əlinizlə qurduğunuz birliyin istiliyini gətirsin. Axı, ənənəni yaşatmaq, onu “hazır” almaq deyil, onun ruhunu özündə daşımaqdır.
Hamıya ağırlıq-uğurluğunu odda qoyub, yeni ilə xoş niyyətlərlə qədəm qoymağı arzulayıram!
Məsimə Məmmədova













