MDB ilə əməkdaşlığa SON? “Azərbaycan bu məsələni yenidən nəzərdən keçirəcək”
“Xüsusilə Rusiyanın ölkəmizə qarşı təzyiq və qanunsuz əməllərinin artdığı dövrdə Azərbaycanın MDB məsələsini yenidən nəzərdən keçirməsi məqsədəuyğundur”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Aydın Quliyev deyib.
O bildirib ki, Azərbaycanın MDB-dən ayrılması barədə yayılan xəbərlərə xüsusi anlam yükləmək lazım deyil:
“Azərbaycan müstəqil dövlətdir və istədiyi zaman müxtəlif əməkdaşlıqları və beynəlxalq təşkilatlarla əlaqələrini yenidən qiymətləndirə bilər. Bu baxımdan MDB məsələsinin yenidən nəzərdən keçirilməsi doğrudur. Ölkəmiz müstəqilliyini əldə etdikdən sonra KTMT ilə əməkdaşlığı dayandırdı və bu qərar pis nəticələr doğurmadı.”
Politoloq qeyd edib ki, MDB-yə üzvlük Azərbaycan üçün gözlənilən dividendləri gətirməyib, əksinə Azərbaycanın bu təşkilata verdiyi töhfələr çox olub:
“Ukrayna, Gürcüstan və Baltikyanı ölkələr də MDB-də iştirak etmirlər və zərər görmürlər. Xüsusilə Rusiyanın ölkəmizə qarşı təzyiqlərinin və qanunsuz əməllərinin artdığı bir vaxtda Azərbaycanın MDB məsələsini yenidən nəzərdən keçirməsi məqsədəuyğundur.” – deyə o bildirib.
Nəsimi Ələsgərli