MDB Oyunlarındakı əcnəbi jurnalistlər: "Ailəmizlə birgə qayıdacağıq"
Azərbaycanda bugün yekunlaşan III MDB Oyunlarını işıqlandıran əcnəbi jurnalistlər təəssuratlarını bölüşüblər.
Yenicag.az xəbər verir ki, media nümayəndələri bütün idman obyektlərində yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Qəbələ və Gəncədəki yarışları izləyən özbəkistandan olan jurnalist Nadir Mirəliyev yarışların təşkil olunduğu şəhərlərə heyran qaldığını bildirib. O qeyd edib ki, bu yarışlar idmanla yanaşı Azərbaycanın mədəniyyəti ilə tanış olmaq üçün də gözəl şərait yaradıb.
“MDB Oyunlarından qayıdandan sonra ailəmlə birgə Azərbaycana yenidən gəlmək istəyirəm”, – deyə özbəkistanlı jurnalist qeyd edib.
Rusiyalı jurnalisti Kirill Nikolayev isə Gəncə və Naftalanda yarışları izlədiyini bildirib. O, xüsusilə, açılış mərasimində çox yüksək səviyyəli təşkilatçılığın şahidi olduğunu deyib. Rusiyalı media nümayəndəsi həmçinin Azərbaycanın milli yeməklərinin onun yaddaşında qalacağını vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın 7 şəhərində təşkil olunmuş yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb.
Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edib.